Həyatımızın elə bir sahəsi yoxdur ki, oradakı inkişaf, tərəqqi ümummilli liderimizin adı ilə bağlı olmasın. Məsələn, bütün dünya da bu həqiqəti qəbul edir ki, Azərbaycanın yeni neft strategiyası Heydər Əliyevin gərgin zəhməti sayəsində reallığa çevrildi. 1993-cü ildə artıq Azərbaycanın parçalancağını gözləyən, eyni zamanda, o vaxtki iqtidarın tamamilə ölkəmizin mənafeyinə zidd siyasəti nəticəsində bizdən üz döndərən bir çox iri dövlətləri bu siyasət nəhənginin gərgin zəhməti ilə 1994-cü il sentyabrın 20-də Bakıda «Əsrin müqaviləsi» kimi tarixə düşən sazişə imza atmaqla, bununla Azərbaycanda sabitliyə, inkişafa əmin olduqlarını bəyan etmiş oldular. Ölkəmizin müstəqilliyini, təhlükəsizliyini, ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etdilər.
Artıq 1995-ci ildə daxili və xarici düşmənlərimiz dərk etdilər ki, onlar Heydər Əliyev siyasətinin, dövlət quruculuğu təcrübəsinin qarşısında acizdilər. Daha Azərbaycan ümummilli liderimizin dediyi kimi, «bundan sonra başına nə gəlirsə gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək». Bəli, ölkəmizə diş qıcayan məkrli düşmənlərin geri çəkilməsi də, dövlət quruculuğunda əsas şərt sayılan sabitliyin yaranması da ümummilli liderimizin adı ilə bağlıdır.
Müstəqilliyimizin möhkəmlənməsində, hüquqi, demokratik dövlət quruculuğu işində ilk milli Konstitusiyamızın xüsusi yeri var. «Heydər Əliyev Konstitusiyası» kimi tarixə düşən Əsas Qanunumuz insan hüquq və azadlıqlarının təminatlı müdafiəsi sahəsində mükəmməl bir sənəddir. Odur ki, bir çox ekspertlər haqlı olaraq Konstitusiyamızı «İnsan hüquqları manifesti» də adlandırırlar. Bu, ümummilli liderimizin xidmətləridir.
Ölkəmizdə Avropa dəyərlərinə uyğun aparılan hüquqi islahatlar da məhz Heydər Əliyevin adı ilə bağlıdır. Hüquq qaydalarının, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təminatlı müdafiəsinə görə üçpilləli məhkəmə sitemimizin yaradılması, yeni, müasir tələblərə uyğun hakim korpusunun formalaşdırılması Heydər Əliyevin xidmətləridir.
Şərqdə ilk dəfə ölüm cəzasının ləğv edilməsi Azərbaycanda baş tutdu. Bu gün də bir sıra inkişaf etmiş ölkələrdə hələ də qüvvədə olan bu cəza növünün ölkəmizdə ləğv edilməsi çox cəsarətli addım idi və onu ümummilli liderimiz reallaşdırdı. Tarixə belə həkk olundu, belə də qalacaq və yüz illər sonra da insan hüquqlarının müdafiəçiləri bu mövzudan danışanda ümummilli liderimizi hörmət və izzətlə yad edəcəklər.
Bütün dünyanın bəhrələnəcəyi Böyük İpək yolu çox qədim ticarət marşrutudur. Uzun illərdir ki, dünya alimləri bu sahədə baş sındırır, Şərqlə Qərbi, ümumiyyətlə, dünyanı dolaşan təhlükəsiz və səmərəli nəqliyyat yolu haqqında düşünürlər. Böyük-böyük elmi-tədqiqat institutları bu problemlə məşğuldurlar. Ümummilli liderimiz dünyada yeni müharibə ocaqlarının getdikcə artdığı, Şərqlə Qərbin ziddiyətli bir dövründə bu qədim İpək yolunun bərpasını gündəmə gətirdi və məntiqlə sübut etdi ki, bu yola alternativ heç bir layihə ola bilməz. Təbii ki, bu layihədə əsas keçid Azərbaycandır və illər keçdikcə onun bəhrəsini daha çox görəcəyik.
Heydər Əliyev Azərbaycanın enerji təhlükəsizliyini etibarlı təmin etmək üçün hələ 1969-1982-ci illərdən iri layihələr həyata keçirməyə başladı. Müstəqillik dövründə bu işlər daha geniş formada davam etdirildi. Bu gün isə həmin strategiya Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Bu məsələ hər bir dövlət üçün çox mühüm, həyati əhəmiyyətli bir işdir, dövlətin müstəqilliyinə qarant duran, digər ölkələrdən asılılığına imkan verməyən taleyüklü məsələdir. Ümummilli liderimiz bu sahədə də zəruri olan hər şeyi edib.
Ümummilli liderimiz istər birinci dəfə, istərsə də ikinci dəfə Azərbaycanda hakimiyyətə gələndə siyasətdə bir səviyyəsizlik, bəsitlik vardı. Böyük siyasətçi bunlara son qoydu, dövlətin idarə olunmasında, xarici və daxili siyasətində bir məktəb yaratdı. Akademik Ramiz Mehdiyev bu barədə belə yazır: «Dövlətimizin tarixində Heydər Əliyev iki dəfə siyasətdə və dövlət idarəçiliyində səviyyəsizliyə, səriştəsizliyə və bəsitliyə son qoya bilmişdir. O, işdə sübuta yetirmişdir ki, dünyanı yetirimşdir ki, dünyanı təkcə böyük dövlətlər idarə etmir, kiçik xalqlar da var və onların rəyi ilə hesablaşmaq lazımdır. O, azərbaycanlıların necə güclü iradəyə malik olduqlarını, onun xalqının necə böyük enerji potensialına və intellektual potensiala sahib olduğunu öz timsalında dünyaya nümayiş etdirmişdir».
Ətrafli: “Xalq” qəzeti, 04 may 2008-ci il № 95 (25860) www.xalggazeti.com
Fuad Cavadov,
Məhkəmə ekspertizası mərkəzinin
rəisi, hüquq elmləri doktoru