• ÜMUMİ MƏLUMAT
  • TARİX
  • STRUKTUR
  • ELMİ MƏQALƏLƏR
  • QANUNVERCİLİK
  • MƏKTUB YAZMAQ
    Azerbaycan dili English Русский язык
  • Ana səhifə
    Хəbərlər
    Аrxiv
    Sual-cavab
    Saytın xəritəsi
    Qəbul günləri
    Əlaqə
    .
  • Qloballaşmanin Kriminoloji Aspektləri

    XXI əsrdə daha da sürətlənən qloballaşma prosesi çoxsaylı sosial, iqtisadi, hüquqi, psixoloji xarakterli problemlərin yaranmasına səbəb olmuşdur. Bu problemlərin siyasətçilər, iqtisadçılar, sosioloqlar, ümumən ictimaiyyət tərəfindən qızğın müzakirə edilməsi təsadüfi deyildir. Eyni zamanda qloballaşmanın tədqiqində kriminoloji və cinayət-hüquqi aspektlərin açıq-aydın geri qalması diqqəti çəkir. Hesab edirik ki, hazırda kriminologiyada yeni elmi istiqamətin – qlobal problemlərə həsr olunmuş beynəlxalq (ümumdünya) kriminologiyanın formalaşması üçün zəruri şəraitlər yaranmışdır. Kriminologiyada bu yeni elmi istiqamətin əsas vəzifələrindən biri isə qlobal miqyaslarda kriminoloji şəraitin, dünyada və onun ayrı-ayrı regionlarında cinayətkarlığın vəziyyəti, quruluşu və dinamikasının analizindən, cinayətkarlığın əsas meyllərinin və qanunauyğunluqlarının müəyyən olunmasından, uyğun proqnozların qurulmasından, beynəlxalq, transmilli xarakter daşıyan cinayətkarlığın (mütəşəkkil cinayətkarlıq, terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, kompüter cinayətkarlığı, çirkli pulların yuyulması və s.) qarşısının alınması üzrə tədbirlər kompleksinin elmi əsaslarının hazırlanmasından ibarət olmalıdır.

    Qloballaşma «mafioz dünyanın» yaranması, təşkilatlanması, ayrı-ayrı transmilli cinayətkar təşkilatların qarşılıqlı əlaqəli fəaliyyətlərinin güclənməsi proseslərini sürətləndirmişdir. cinayətkarlığın transmilliləşməsi onun qeyri-leqal miqrasiya, qadın və uşaqlarla ticarət, terrorizm, narkobiznes, korrupsiya, kompüter cinayətkarlığı, çirkli pulların yuyulması və s. kimi formalarında xüsusən aydın təzahür edir.

    Ən müxtəlif mənbələrdən əldə edilən məlumatlar dünyada adamlarla ticarətin genişlənməsi meylini təsdiq edir. Məsələn, klassik qul ticarətinin davam etdiyi 4 əsr ərzində onun «dövriyyəsi» 12 milyon adamı aşmamışdır. Halbuki yalnız son 30 ildə təkcə Asiyada seks-quldarlıq obyekti kimi satılmış qadın və uşaqların sayı 30 milyona çatmışdır. Bu kriminal biznesin böyük hissəsi cinayətkar təşkilatların əlindədir.

    2000-ci ilin aprelində keçirilən cinayətkarlıq probleminə həsr olunmuş BMT-nin XX konqresində adamlarla ticarətin dünyanın ən sürətlə inkişaf edən və gəlir səviyyəsinə görə narkotiklərdən sonra ikinci olan kriminal biznes növü olduğu qeyd edilmişdir. Hər il 4-5 milyona qədər adam qeyri-leqal yollarla daşınır ki, bu da cinətkarlara 7 milyard ABŞ dolları qədər gəlir gətirir.

    Getdikcə daha da qloballaşan, ictimai təhlükəliyi həddən artıq yüksələn terrorizm problemini xüsusi olaraq qeyd etmək lazımdır. XX əsrin 90-cı illərində akademik N.N.Moiseyev yazırdı ki, əgər XX əsr «xəbərdarlıq əsri» olmuşdursa, XXI əsr «fəlakətlər əsri» olacaqdır. Təəssüf ki, onun proqnozu özünü doğrultmuşdur. cinayətkar qəsdin müdhişliyinə və günahsız qurbanların çoxsaylığına görə görünməmiş terror aksiyası kimi dünya tarixinə düşmüş 11 sentyabr 2001-ci il hadisəsi bir daha «fəlakətlər əsrinin» - terrorizmin qloballaşması əsrinin başlandığını əyani şəkildə göstərmişdir.

    Terrorizm hər bir ölkəyə və onun hər bir vətəndaşına qarşı eyni dərəcədə istiqamətlənmiş qlobal təhlükədir. Heç bir dövlət, dünyanın bütün güc strukturları, nə qədər böyük və qüdrətli olsalar belə, sivilizasiyanın bu qorxunc təhdidi ilə təklikdə bacarmaq iqtidarında deyildir. Ona görə də onunla mübarizə ümumi vəzifə olmaqla hamının, o cümlədən dövlət orqanlarının, beynəlxalq, qeyri-hökumət və ictimai təşkilatların səylərinin birləşdirilməsini tələb edir. Terrorizmlə mübarizənin səmərəliliyinin yüksəldiməsi üçün terrorizmi doğuran səbəbiyyət kompleksi aradan qaldırılmalı və onun üçün qidaverici, müsbət zəmin olan mühitin ləğv edilməsi üzrə şərait yaradılmalı; terrorizmin ilkin şərtlərindən, amillərindən biri kimi ekstremizmlə mübarizə üzrə kompleks tədbirlər işlənib hazırlanmalı; terror təzahürlərinin qiymətləndirilməsində ikili standartlar aradan qaldırılmalı; separatizm və millətçiliyin istənilən təzahürləri ilə daha qətiyyətlə mübarizə aparılmalıdır.

    Çirkli pulların yuyulması kimi qlobal problem də böyük sosial, iqtisadi və siyasi təhlükə kəsb etməkdədir. Qloballaşma bu prosesi kəskin şəkildə sürətləndirmişdir. Offşor maliyyə mərkəzlərinin inkişafı antidövlət meylli maliyyə qloballaşmasının ən bariz nümunəsidir. Məsələn, dünya iqtisadiyyatının bu cür «qara dəlikləri (deşikləri)» arasında liderlik edən Kayman adalarında 14 kvadrat kilometrlik ərazidə 500-dən artıq bank qeydə alınmış və fəaliyyət göstərir. Offşor sistemindən vurulan zərər isə hesaba gəlmir, çünki beynəlxalq miqyasda mütəşəkkilləşmiş cinayətkarlar üçün bundan əlverişli zəmin mövcud deyildir. Qeyri-leqal vasitə və üsullarla əldə edilmiş kapitalın «yolunu» isə izləmək çox zaman mümkün deyildir. Ümumən offşor mərkəzlərində 2 trilyon ABŞ dollarından artıq vəsait «dövr» edir.

    Qloballaşan cəmiyyət və iqtisadiyyat şəraitində kompüter cinayətkarlığı ilə mübarizə də böyük aktuallıq kəsb edən kriminoloji problemlərdəndir. Müasir sivilizasiyanın inkişafı sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçidlə xarakterizə olunur. İnformasiya texnologiyalarının geniş tətbiqi iqtisadiyyatın, siyasətin, dövlətin, cəmiyyətin, sosial şüurun və vətəndaşın inkişafı üçün yeni imkanlar yaradır. Lakin texnologiyaların təkmilləşməsi təkcə sənaye cəmiyyətinin möhkəmlənməsinə deyil, həm də onun üçün yeni təhlükə mənbələrinin yaranmasına gətirir. Hazırda dünyanın aparıcı dövlətlərinin iqtisadiyyatı və müdafiə qabiliyyəti bir çox cəhətdən qlobal kompüter şəbəkələrinin işindən asılı vəziyyətə düşmüşdür. Eyni zamanda yüksək texnologiyalar sahəsində cinayətlərin, kompüter cinayətkarlığının ciddi nəticələrə gətirə bilməsinə baxmayaraq, milli və beynəlxalq hüquqi institutlar və təşkilati strukturlar yeni təhlükələrə adekvat qarşıdurmağa praktiki olaraq hazır deyillər.

    Hesab edirik ki, bu gün dünya birliyi, beynəlxalq təşkilatlar, bütün dövlətlər cinayətkarlığın qloballaşması kimi kriminal təhlükəyə qarşı öz səylərini birləşdirməli, qlobal səviyyədə transmilli və beynəlxalq xarakter daşıyan cinayətkarlıqla mübarizə üzrə fəaliyyət proqrammı, tədbirlər kompleksi qəbul edilməli, onların həyata keçirilmə mexanizmləri işlənib hazırlanmalıdır.


    Yaşar Abdullayev
     

  • (+99 412) 498-05-43

    E-mail: info@expert.gov.az

    Ünvan: Xəqani küçəsi 14,
    AZ1000, Bakı, Azərbaycan

(c) 2003 - 2011 Məhkəmə Ekspertiza Mərkəzi   |   All Rights Reserved   |   created by Azerin LLC