• ÜMUMİ MƏLUMAT
  • TARİX
  • STRUKTUR
  • ELMİ MƏQALƏLƏR
  • QANUNVERCİLİK
  • MƏKTUB YAZMAQ
    Azerbaycan dili English Русский язык
  • Ana səhifə
    Хəbərlər
    Аrxiv
    Sual-cavab
    Saytın xəritəsi
    Qəbul günləri
    Əlaqə
    .
  • Narkotiklərin Qanunsuz Dövriyysinə Nəzarət Sahəsində Beynəlxalq-Hüquqi Əməkdaşliq

    Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı beynəlxalq miqyasda aparılan məqsədyönlü mübarizə öz başlanğıcını tiryək problemi üzrə 1909-cu ildə Şanxay şəhərində xüsusi olaraq tiryəkə nəzarət üzrə Beynəxalq Konfransdan götürür.
    Artıq məlum idi ki, ağrıkəsici və yuxugətirici vasitə kimi tibdə tətbiq edilən tiryək ağır narkotik asılılığa səbəb olur. Bu isə vaxt keçdikcə insanın orqanizmini dağıdır, onu iradədən və sosial-ictimai oriyentirlərdən məhrum edir. Tiryəkin əsas təsiredici maddəsi morfin olduğundan, tiryəkə qarşi patoloji asıllıqla özünü büruzə verən xəstəliyi morfinizm adlandırmışlar. Morfin və onun törəmələri mərkəzi sinir sisteminə xüsusi təsir göstərməklə, baş beyin qabığının həyat üçün vacib mərkəzlərinin iflicinə səbəb olur. Morfinin kiçik dozalarda qəbulu digər narkotik vasitələr kimi insanı eyforiya vəziyyətinə salır və onda bu hissləri yenidən yaşamaq üçün qarşısıalınmaz həvəs yaradır. Narkomanlığın cəmiyyət üçün başlıca təhlükəsi də narkotik maddə təsirindən insanda psixozun yaranmasındadır. Belə ki, narkoman növbəti dozanı əldə etmək üçün istənilən cinayətə əl atmaq məcburiyyəti qarşısında qalır.
    Tiryək xaş xaşının tibbi tələblərdən artıq nəzarətsiz becərilməsi və tiryək xammalının qazanc məqsədi ilə satışı tiryək narkomanlığının yayılmasına səbəb olmuşdur. Belə bir bəlanın vaxtında qarşısının alınması və bəzən də ona qarşı mübarizənin məqsədyönlü aparılmasının nəticəsi olaraq tiryək narkomanlığı öz miqyasını genişləndirərək dünyanın ən qlobal problemlərindən birinə çevrildi. Tiryək narkoticarət şəbəkəsinin əhatə etdiyi bir çox ölkələr onların milli mənafeyinə vurulan zərərin miqyasını və bu hala qarşı təklikdə uğurlu mübarizə aparılmasının çətinliyini dərk etdilər.
    Bununla əlaqədar, 1911-1912-ci illərdə Haaqa şəhərində tiryək üzrə 1-ci Konvensiya işlənib hazırlanmış və qəbul edilmişdir. Bu müqavilənin qəbul edilməsi narkotik vasitələrə nəzarətin beynəlxalq sisteminin yaradılması üçün ilk hüquqi əsas olmuşdur.
    Konvensiyanı 58 dövlət ratifikasiya etdi. Bu Konvensiyada aşağıdakılar nəzərdə tutulmuşdur:
    -nəzarətdə olan maddələrdən yalnız tibbi və elmi məqsədlər üçün istifadənin təmin olunması;
    - hökumətlərin və beynəlxalq orqanların narkotik vasitələrdən sui-istifadənin qarşısının alınması və sui-istifadənin zərərli nəticələrinin azaldılması sahəsindəki səylərinə yardımın göstərilməsi.
    Bu əsas prinsiplər sonrakı beynəlxalq müqavilələrdə daha da inkişaf etdirilmişdir. Beynəlxalq müqavilələrin səmərəli olmasə üçün müstəqil dövlətlər bu müqavilələrə riayət edilməsi və başqa hökümətlər, beynəlxalq təşkilatlar qarşısında öz öhdəliklərinin yerinə yetirilməsi haqqında könüllü qərarlar qəbul etməli idilər.
    Birinci dünya müharibəsindən sonra artıq Millətlər Liqası çərçivəsində tiryək üzrə Beynəlxalq Konfrans (19 fevral 1925-ci il) keçirilmişdir. Konfransda narkotiklərin qanunsuz istifadəsinə qarşı mübarizənin gücləndirilməsində mühüm rol oynayan Cenevrə Konvensiyası qəbul edilmişdir. 1912-ci il Haaqa Konvensiyasının prinsiplərini təsbit edərək 1925-ci il Cenevrə Konvensiyası müəyyən etmişdir ki, narkotiklər yalnız dövlətlərin qanuni tələbatlarını ödəmək üçün satıla bilər. Bu Konvensiya narkotiklərin siyahısına (1912-ci il Konvensiyasının qəbul etdiklərinə əlavə olaraq) kokain yarpağını, kokain-xammalını və hind çətənəsi kimi narkotik maddələri də daxil etmişdir. Tiryək üzrə 1925-ci il 19 fevral tarixli Beynəlxalq Konvensiyanın 10-cu maddəsi isə konvensiyada nəzərdə tutulan maddələr kimi zərərli nəticələr doğuran hər hansı maddəni narkotiklərə aid etməyə imkan vermişdir. Konvensiya razılığa gələn tərəflərə tiryək-xammalın hazırlanması, yayılması və daşınması üzərində nəzarətin həyata keçirilməsini təmin edən normativ aktların qəbul olunmasını tapşırmışdır. Müvafiq statistik məlumatların təqdim edilməsi ilə yanaşı ölkələrin narkotik maddələrə tələbatının qiymətləndirilməsi sistemi tətbiq edilmişdir. Konvensiya üzrə dövlətlərin götürdükləri öhdəliklərə riayət edilməsinə nəzarəti Daimi Mərkəzi Komitə (sonralar narkotik vasitələr üzrə Daimi Mərkəzi Komitə adlandırılmışdır) həyata keçirməli idi. Həmçinin Konvensiyanın tətbiqinə aid qüvvədə olan qanunvericiliyin pozulmasına görə milli cinayət-hüquqi sanksiyaların tətbiqinin və Konvensiyanın həyata keçirilməsinə dair qanunlar və qərarlar haqqında qarşılıqlı informasiya mübadiləsinin zəruriliyini nəzərdə tutmuşdur.
    1925-1929-cu illər iqtisadi tənəzzül dövründə narkomaniyanın və narkobiznesin kəskin surətdə artması Millətlər Liqasını özünün X Məclisində (1929-cu il) narkotik vasitələrin hazırlanmasını yalnız tibbi və elmi ehtiyaclarla məhdudlaşdıran yeni beynəlxalq müqavilənin qəbul edilməsinin məqsədəuyğunluğu haqqında məsələni qaldırmağa məcbur etmişdir. Bununla əlaqədar olaraq narkotik vasitələrin istehsalının məhdudlaşdırılması və yayılmasının reqlamentləşdirilməsi haqqında 1931-ci il iyulun 13-də Cenevrədə imzalanmış Beynəlxalq Konvensiya narkotiklərə beynəlxalq nəzarət sistemində yeni mühüm halqa oldu. Narkotik vasitələrə tələbatın qiymətləndirilməsi qaydası təkmilləşdirilərək, bununla da dünyanın tibbi və elmi məqsədlər üçün narkotiklərə olan tələbatı müəyyənləşdirilmişdir. Nəzarət komissiyası hər il bütün dövlətlərin narkotik maddələrə tələbatı haqqında məlumat dərc etməli idi.
    Beləliklə, hələ Birləşmiş Millətlər Təşkilatının yaranmasınadək narkotiklərin qanunsuz dövriyyəsi üzərində beynəlxalq nəzarətin və narkomaniyaya qarşı mübarizənin yollarını təsdiq edən beynəlxalq hüquqi baza yaradılmışdır. Lakin bu hüquqi baza konvensiyaların, müqavilılırin, protokolların sisteminin müxtəlifliyi, habelə icrasının mürəkkəbliyi səbəbindən kifayət qədər səmərəli olmamışdır.
    Narkotik vasitələr üzərində nəzarət haqqında universal beynəlxalq müqavilənin qəbul olunmasının məqsədəuyğunluğu hələ Millətlər Liqasının xüsusi orqanları tərəfindən etiraf edilmişdir. Birləşmiş Millətlər Təşkilatının yaradılması ilə narkotik vasitələr üzrə yeni yaradılmıış Komissiyasının qarşısında qoyulan əsas vəzifələrdən biri də narkotiklər haqqında belə vahid konvensiyanın hazırlanması olmuşdur.
    1961-ci ildə BMT-nin Nyu-York konfransında 73 dövlətin iştirakı ilə Narkotik vasitələr haqqında Vahid Konvensiya qəbul edilmişdir.
    Yeni beynəlxalq müqavilənin vəzifəsi bu sahədəki mövcud çoxtərəfli müqavilələri vahid sənədlə əvəz etmək, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı beynəlxalq nəzarətin yaranmış sistemini sadələşdirmək, nəzarətlə məşğul olan beynəlxalq orqanların sayını azaltmaq, onu dünyada baş verən sosial-iqtisadi dəyişikliklərə uyğunlaşdırmaq, narkoməhsulların (tiryək xaşxaşı, emal olunmamış tiryək, koka yarpaqları və kannabis) istehsalına səmərəli nəzarət sistemi yaratmaq idi. Vahid konvensiyanın mühüm postulatı narkotik vasitələrin idxalına və ixracına icazənin alınması, habelə, bu fəaliyyətin qiymətləndirilməsi sisteminin və onun barəsində statistik hesabatların yaradılmasının zəruriliyi olmuşdur. Müşahidəçi funksiyasını narkotiklərə nəzarət üzrə Beynəlxalq komitə yerinə yetirir. Komitə BMT çərçivəsində mövcud olaraq müstəqil orqan statusuna malikdir. Başqa yeniliklər sırasına bunu əlavə etmək lazımdır ki, xaş xaşın becərilməsi üzərində nəzarət sistemi kokain koluna, çətənəyə də şamil edilmişdir.
    Vahid konvensiyaya narkotik vasitələrin dörd siyahısı daxildir. Onların hər birində zərərlilik və tibbi məqsədlərdən kənar yayılmasına qadağan dərəcəsinə görə təsnif edilmiş preparatlar göstərilmişdir. Vahid konvensiyaya düzəlişlər haqqında 1972-ci il Protokolunda narkotik vasitələrin, bütün dörd siyahılarına dəqiqləşdirmələr aparmaqla bərabər, yeni maddələr də əlavə edilmişdir. İlkin siyahıların bazis xüsusiyyətlərini saxlamaqla, yeni preparatlar meydana gəldikcə siyahılara dövri olaraq dəyişikliklər və əlavələr etmək imkanı və ayrı-ayrı maddələrin insanın sağlamlığına zərərli təsiri haqqında məsələlərin aydınlaşdırılması nəzərdə tutulmuşdur.
    Daha sərt nəzarət tədbirləri 1 №-li siyahıda göstərilən vasitələrə tədbiq edilir (Konvensiyanın 31-ci maddəsi, 4-16-cı bəndlər). Bu siyahıya tiryək xaşxaşından, koka yarpaqlarından və çətənədən alınan preparatlar daxil edilmişdir. 1 N-li siyahıya aid nəzarət tədbirlərinə aşağıdakılar daxildir:
    -tibbi və elmi məqsədlər üçün qanuni istifadəni nəzərə almaqla tərəflərin narkotik vasitələrə tələbatının qiymətləndirilməsi; tiryək xaşxaşının hazırlanması və hazırlayanları, saxlanıldığı anbar ehtiyatları və becərilməsi üçün istifadə edilən torpaqların sahəsi haqqında ətraflı məlumatın təqdim edilməsi;
    -tiryək xaş xaşının istehsalı və hazırlanması; idxalı və ixracı; müsadirəsi, anbar ehtiyatları; becərildiyi sahələr haqqında statistik məlumatları tərəflərin təqdim etməsi;
    -hazırlanmanın və idxalın miqdarının qanuni istifadəni və üstəlik ixrac edilən miqdarı və xüsusi ehtiyatlar üçün zəruri olan miqdarı ötüb keçməyən hədlə məhdudlaşdırması;
    -tiryəkin və konsentratlaşdırılmış (döyülmüş, briketləşdirilmiş, cövhərləşdirilmiş) xaşxaş küləşinin xüsusilə beynəlxalq ticarət üçün istehsalı üzərində nəzarət;
    -narkotik vasitələrin hazırlanmasına, onların ticarətinə və yayılmasına, o cümlədən ixracına və idxalına tərəflərin lisenziya verməsi və onun üzərində nəzarət;
    -tibbi məqsədlərlə istifadə üçün nəzərdə tutulmuş narkotik vasitələrə tərəflərin retseptlər verməsi və sənədləşmənin aparılması;
    -etiketləşdirmə.
    2 №-li siyahıya tibbi məqsədlərlə daha geniş istifadə edilən və resept üzrə buraxılan narkotik vasitələr daxildir. Nəzarət tədbirləri (31-ci maddə) Əsasən müəssisələrə hazırlama lisenziyalarının verilməsini nəzərdə tutur.
    3 №-li siyahı tərkibində inqrediyentlər şəklində 2 N-li siyahının daha aşağı konsentrasiyalarda narkotik vasitələri olan preparatlardan, habelə ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə görə sui-istifadə predmeti ola bilməyən preparatlardan ibarətdir. Onların ticarət yolu ilə yayılması üzərində nəzarət tədbirləri tələb olunmur.
    4 №-li siyahıya xüsusi təhlükəli xassələrə malik olan, lakin terapevtik məqsədlərlə çox məhdud miqyasda istifadə edilən və tərəflərin tamamilə qadağan edə (istehsalı, hazırlanması, ixracı, idxalı, ticarəti, saxlanılması) bildiyi kiçik miqdarda narkotik vasitələr daxildir.
    Xüsusi ciddi nəzarət tədbirləri Vahid konvensiyanın 24-28-ci maddələrində xaşxaşın beynəlxalq ticarət məqsədi ilə istehsalı, xaşxaş küləşinin, kokain kolunun və koka yarpaqlarının çoxaldılması, kannabisin becərilməsi barədə nəzərdə tutulmuşdur.
    Vahid konvensiyanın iştirakçılarının ümumi öhdəlikləri 4-cü maddədə verilmişdir. Bu maddəyə görə, dövlətlər onun qərarlarını öz əraziləri hüdudlarında işə salmaq və yerinə yetirmək üçün zəruri olan qanunverici və inzibati tədbirlər görməli, qəbul edilmiş normaların yerinə yetirilməsində başqa dövlətlərlə əməkdaşlıq etməlidirlər. Bu konvensiyaya riayət edilməsi üçün narkotik vasitələrin istehsalı, hazırlanması, aparılması, gətirilməsi, paylanması, ticarəti məhdudlaşdırılmalı, onlar sırf tibbi və elmi məqsədlər üçün tətbiq edilməli və saxlanılmalıdır. Konvensiya həmçinin, narkotiklə əlaqədar bu və ya digər əməllərin cinayətkarlığı haqqında ümümi qaydaları müəyyən etmişdir. Konkret cinayət tərkibləri və məsuliyyət tədbirləri razılığa gələn tərəflərin hər birinin daxili hüququna uyğun olaraq müəyyən edilir (36-cı maddə 4-cü bənd).
    Psixotrop maddələr haqqında 1971-ci il tarixli Konvensiya insanların sağlamlığı üçün zərərli nəticələrinə görə narkotik vasitələrdən heç də geri qalmayan psixotrop maddələrin sui-istifadə edilməsi ilə əlaqədar məsələlər hələ Vahid konvensiya qüvvəyə minənə qədər beynəlxalq səviyyədə müzakirə edilmişdir. 1955-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlər komitəsinin psixotrop maddələr və onların insan orqanizminə təsiri haqqinda hazırladıqları məruzələr baxılmaq üçün narkotik vasitələr üzrə Komissiyaya təqdim edilmişdir. Narkotiklər üzərində nəzarət məsələləri ilə məşğul olan başqa benynəlxalq orqanlar da bu məsələ ilə əlaqədar öz narahatlıqlarını göstərmişlər. Hətta bir çox hökumətlər psixotrop sayılan bir sıra maddələri narkotiklərə tətbiq edilən rejimin altına salmışlar.
    1965-ci ildə ÜST-nin ekspertlər qrupu psixotrop maddələr haqqında vahidşəkilli milli nəzarət sisteminin qəbul edilməsini tövsiyə etmişdir. Bu məsələyə əhalinin sağlamlığının qorunması nöqteyi-nəzərindən baxan Ümumdünya Səhiyyə Təşkilatı və onu başlıca olaraq inzibati və hüquqi nöqteyi-nəzərdən öyrənən narkotik vasitələr üzrə Komissiya bu maddələrdən sui-istifadənin qarşısının alınmasına yönəlmiş nəzarətin yaradılmasının zəruriliyi ilə razılaşmışlar. Müvafiq sənədin hazırlanması 1966-cı ilin avqustunda narkotik vasitələr üzrə Komissiya tərəfindən təşkil edilmiş, beynəlxalq nəzarət altında olmayan maddələr üzrə Xüsusi Komitəyə (bundan sonra Komitə) tapşırılmışdır. Nəhayət psixotrop maddələrin dövriyyəsinə nəzarətin qoyulması haqqında çoxtərəfli müqavilənin qəti variantı 1971-ci ildə Vyana konfransında qəbul edilmişdir.
    Psixotrop maddələr haqqında 1971-ci il Konvensiyası hallüsinogenlər, amfetamin tipli simpatomimetik vasitələr, barbituratlar, həmçinin yuxugətirici, trankvillizəedici və analqeziyaedici vasitələr kimi maddələrə nəzarətin beynəlxalq sistemini müəyyən edir. Bu maddələrin bəzilərinin istifadəsi ümumiyyətlə qadağan edilmişdir, digərləri isə yalnız reseptlə verilir. Konvensiyada göstərilən müddəalara uyğun olaraq reseptlər tibbi praktikaya ciddi uyğun surətdə yazılmalı, preparatların etiketləri onlardan istifadə haqqında göstərişlərlə və zəruri xəbərdarləqlarla təmin edilmşlidir. Konvensiyada psixotrop maddələrin sui-istifadəsinə qarşı tədbirlər nəzərdə tutulur və narkomanların müalicəsinin, reabilitasiyasının və sosial reinteqrasiyasının zəruriliyi göstərilir. Eyni zamanda nəzərdə tutulmuşdur ki, psixotrop maddələrdən sui-istifadə edən şəxslər cəzanın və ya onun əlavəsinin alternativi kimi məcburi müalicəyə məruz qala bilərlər.
    Psixotrop maddələr haqqında Konvensiyaya həmçinin maddələrin dörd siyahəsə daxildir:
    1 nömrəli siyahı - hallüsinogenlər qrupu (LSD, DMT, psilosibin və s.), yəni olduqca təhlükəli xassəli və terapevtik əhəmiyyəti şübhəli olan və ya heç olmayan psixotrop maddələr. Bu maddələrə daha ciddi nəzarət tədbirləri tətbiq edilir (o cümlədən Konvensiyanın 7-ci maddəsində elmi məqsədlər və olduqca məhdud, sərt nəzarət edilən tibbi məqdsədlər istisna olmaqla onlardan istifadənin tam qadağan edilməsi; xüsusi lisenziya verilməsi; qabaqcadan icazə verilməsi və s. nəzərdə tutulmuşdur).
    2 nömrəli siyahı - olduqca məhdud terapevtik əhəmiyyətə malik olan stimullaşdırıcı maddələr, habelə tibdə terapevtik məqsədlərlə ümumiyyətlə istifadə olunmayan müəyyən narkotik analgetiklər. Bütün bu maddələr güclü asılılılığa səbəb ola bilir və onlara 1 nömrəli siyahı üçün göstərilən (7-ci maddədə göstərilən bəzi xüsusi tədbirlər istisna olmaqla) nəzarət tədbirləri tətbiq edilir. 1 və 2 nömrəli siyahılar üzrə nəzarət tədbirlərinin bütövlükdə siyahısı Konvensiyanın 12-ci maddəsinin 1-ci və 3-cü bəndlərində verilir.
    3 nömrəli siyahı - sui-istifadə pridmeti olan, lakin bununla yanaşı terapevtik cəhətdən faydalı sayılan barbituratlar (sakitlışdirici, qıcolma əleyhinə və narkotik təsirli maddələr, məsələn; heksonal və tiopental-natrium). Buradakı tədbirlər də 1 və 2 nömrəli siyahılardakı kimidir, lakin onların idxalına və ixracına icazə verilməsi, habelə istehsalı, istifadəsi və sair haqqında tam statistik hesabatların təqdim edilməsi tələb olunmur.
    4 nömrəli siyahı - həm narkomanların, həm də terapevtlərin geniş istifadə etdikləri yuxugətirici, trankvillizəedici və analgeziyaedici maddələr. Bu preparatlar üzərində daha mülayim nəzarət nəzərdə tutulmuşdur. Onlara elmi cəhətdən əsaslandırılmış tibbi praktikaya uyğun reseptlərin verilməsi, etiketləşdirilmş, habelə hazırlanmasına və ticarətinə lisenziya verilməsi tələbləri şamil edilir.
    Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında 1988-ci il Konvensiyası BMT-nin xüsusi konfransı (Vyana, 1988-ci il 20 dekabr) tərəfindən qəbul edilmiş və 1990-cı ilin noyabrında qüvvəyə minmişdir.
    Onun qəbul edilməsinin başlıca səbəbi BMT-nin əvvəlki iki konvensiyasında nəzərdə tutulan bir sıra tədbirlərin təkmilləşdirilməsi və onlara əlavələr edilməsi zərurəti olmuşdur. Bu zaman əsas diqqət beynəlxalq əməkdaşlığın hüquqi vasitələrinin səmərəliliyinin artırılmasına yönəldilmişdir.
    1988-ci il Konvensiyası problemin müxtəlif aspektlərinin, o cümlədən əvvəlki sənədlərdə nəzərdə tutulmayan və ya kifayət qədər tam əks olunmayan məsələləri (məsələn, tələbatın azaldılması) nəzərə alır. Onun ilk dörd maddəsində dəqiqliklə göstərilmişdir ki, Konvensiya hər hansı tərəfin onun milli qanunvericiliyinə uyğun olaraq müəyyən etdiyi hər bir cinayət yurisdiksiyasını istisna etmir. Xüsusi qeyd edilir ki, bu Konvensiya üzrə öz öhdəliklərinin həyata keçirilməsində tərəflər öz daxili qanunvericilik sistemlərinin əsas maddələrinə uyğun zəruri tədbirlər, o cümlədən təşkilati və qanunverici xarakterli tədbirlər görürlər.
    Bu Konvensiyanın daha mühüm müddəalarından biri narkotik vasitələrin və psixotrop maddələrin hazırlanmasında istifadə olunan maddələrə nəzarətin müəyyən edilməsidir. Konvensiyaya xüsusi ədəbiyyatda prekursorlar adlandırılan belə maddələrin 22-nin adı olan 1 və 2 nömrəli cədvəllər əlavə edilmişdir (o cümlədən, 1 nömrəli cədvəl - lizerqin turşusu, psevdoefedrin və s; 2 nömrəli cədvəl- sirkə turşusu anhidridi, antranil turşusu və s.). İlk dəfə 1988-ci il Konvensiyasında onlar üzrə ümumi nəzarət tədbirləri nəzərdə tutulmuşdur. Belə hesab edilir ki, bu ümumi müddəaların həyata keçirilməsi üçün iştirakçı ölkələrin hökumətləri öz konkret nəzarət tədbirlərini hazırlamalıdırlar.
    Dəqiqləşdirmələr həm də narkotik vasitələrin, psixotrop maddələrin və perekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlətlərarası əlaqələrin qurulması məsələlərinə aid olmuşdur. 1988-ci il Konvensiyasını imzalayan tərəflər bir-birilərinə ən geniş hüquqi yardım təqdim etməlidirlər (5-ci və 6-cı maddələr). Bu birinci növbədə, təhqiqata, cinayət təqibinə və cinayət hüquqpozmalarının məhkəmə istintaqına aiddir (7-ci maddə). Bu maddənin müddəaları cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın təqdim olunmasını tənzimləyən hər hansı ikitərəfli və ya çoxtərəfli müqavilədən irəli gələn öhdəliklərə təsir etmir.
    Konvensiyaya əsasən tərəflər xüsusilə idarələr və xidmətlər arasında işgüzar əlaqələr qurur, hüquq pozuntularının təhqiqində, kadrların hazırlanmasında əməkdaşlıq edir (9-cu maddə), tranzit haqqında informasiya mübadiləsi edir (10-cu maddə), nəzarət edilən məhsulların göndərilməsi sahəsində tədbirlər görür (11-ci maddə), 1 və 2 nömrəli cədvəllər üzrə maddələrin beynəlxalq ticarətinin monitorinqi sistemini yaradırlar (12-ci maddə).
    1988-ci il Konvensiyasına uyğun olaraq, dövlətlər narkotiklərin qanunsuz dövriyyəsindən gələn gəlirlərin müsadirəsini asanlaşdırmaq məqsədi ilə öz milli qanunlarını dəyişdirilməsinə razılıq verirlər. Məsələn, nəzərdə tutulur ki:
    -narkotik vasitələrlə əlaqədar işlərin təhqiqatı gedişində bank əmanətləri sirrinin aççlması üçün məhkəmələrə icazə verilsin;
    - narkotik ticarəti ilə məşğul olmaqda ittiham edilən şəxslərin təqibinin və verilməsinin sadələşdirilməsi;
    -"nəzarətli malın göndərilməsi" metodunun istifadə olunmasına, qadağan edilmiş narkotik vasitələrin izlənməsinə və tutulmasına kömək göstirlsin;
    -poçtla qanunsuz göndərişlərin qarşısı alınsın;
    -perekursorların beynəlxalq ticarətinin müşahidəsi sistemi yaradılsın.
    Bu hallarda 1988-ci il Konvensiyası hər hansı tədbirin həyata keçirilməsinə, əgər ona milli qanunvericiliklə yol verilirsə, beynəlxalq səviyyədə sanksiya verir. Konvensiya narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz ishetsalının, habelə onların ixrac və idxal zamanı leqal dövriyyədən sızmasının qarşısının alınması sahəsində müvafiq tədbirlər görülməsini dövlətlərə həvalə edir.
    Hər bir tərəf bitkilərin qanunsuz becərilməsinin qarşısını almaq üçün lazımı tədbirlər görür və onların məhv edilməsi üçün addımlar atır (14-cü maddə); hüquqpozmalar törədildikdə kommersiya maldaşıyıcılarının nəqliyyat vasitələrindən istifadəsinin qadağan olunmasını (15-ci maddə); narkotik vasitələrin və psixotrop maddələrin ixrac olunan partiyalarının markalaşdırılması qaydalarına riayət olunmasını təmin edir (16-cı maddə); dənizdə qanunsuz dövriyyənin qarşısını almaq məqsədilə başqa tərəflərlə əməkdaşlıq edir (17-ci maddə); qanunsuz dövriyyə üçün poçt göndərişlərindən istifadə olunmasının qarşısının alınması məsələlərində Konvensiyanın başqa iştirakçıları ilə qarşılıqlı fəaliyyət göstərir (19-cu maddə).
    20-ci maddə ölkələrə Konvensiyanın onların ərazisində qüvvəsi haqqında informasiyanın, o cümlədən: a) bu Konvensiyanın yerinə yetirilməsi məqsədilə qəbul olunmuş qanunların və qaydalrın mətnlərinin; b) onların yurisdiksiyası altına düşən, qanunsuz dövriyyələrlə əlaqədar işlər haqqında informasiyanın təqdim olunmasını həvalə edir.
    Konvensiyanın 3-cü maddəsi narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə, bir neçə yeni cinayət tərkiblərini müəyyən etmiş və onlara görə məsuliyyət müəyyən edən normaların konvensiya iştirakçıları tərəfindən cinayət qanunvericiliyinə daxil edilməsini tövsiyyə etmişdir:
    -əgər bu konvensiyanın əlavələrində göstərilən avadanlıqlardan, materiallardan və ya maddələrdən, narkotik vasitələrin və ya psixotorop maddələrin qanunsuz becərilməsi, istehsalı, hazırlanması məqsədləri ilə istifadənin nəzərdə tutulması məlumdursa, onların hazırlanması, daşınması və ya yayılması;
    -narkocinayətlərin təşkili, rəhbərlik və ya maliyyələşdirilməsi;
    -əgər mülkiyyətin bu Konvensiyada göstərilən hər hansı hüquqpozma nəticəsində və ya belə hüquqpozmada iştirak nəticəsində əldə edildiyi məlumdursa, mülkiyyətin qanunsuz mənbəyini gizlətmək və ya ört-basdır etmək məqsədilə, yaxud belə hüquqpozmanın törədilməsində iştirak edən hər hansı şəxsə onun öz əməllərinə görə məsuliyyətdən yayınmasına kömək etmək məqsədilə mülkiyyətin konversiyası və ya köçürülməsi;
    -əgər mülkiyyətin narkocinayət nəticəsində və ya onda iştirak etmək nəticəsində əldə edildiyi məlumdursa, onun əsl xarakterini, mənbəyini, yerləşdiyi yerini, sərəncamvermə üsulunun, yerdəyişməsinin, ona aid əsl hüquqların gizlədilməsi və ört-basdır edilməsi.
    1988-ci il Konvensiyasını imzalayan hər bir tərəf yuxarıda göstərilən əməllərin öz daxili qanunvericiliyinə əsasən cinayət əməli kimi qəbul edilməsi üçün tələb olunan tədbirləri görməlidir. Bununla bərabər öz konstitusiya müddəaları və hüquq sisteminin əsas prinsipləri nəzərə alınmaqla aşağıdakı əməllər cinayət kimi qəbul edilə bilər:
    -əgər əmlakın əldə edilməsi anında bu əmlakın narkocinayət nəticəsində və ya belə əməldə iştirak nəticəsində əldə edildiyi məlumdursa, onun alınması, istifadəsi, ona sahiblik;
    -əgər 1988-ci il Konvensiyasının əlavələrində göstərilən avadanlıqların, materialların və ya maddələrin hər hansı narkotik vasitənin və ya psixotrop maddənin qanunsuz becərilməsi, istehsalı və ya hazırlanması məqsədi ilə istifadə edildiyi və ya istifadə edilmək üçün nəzərdə tutulduğu məlumdursa, onlara sahiblik;
    -narkocinayətin törədilməsinə, narkotik vasitələrdən və ya psixotrop maddələrdən qanunsuz istifadəyə açıq təhrik və ya hər hansı başqa vasitələrlə sövq etmək;
    -narkocinayət törətmək, narkocinayətin törədilməsinə cəhd etmək məqsədilə cinayət sövdələşməsinə girmək, iştirak etmək və ya əlaqədar olmaq, habelə cinayətin törədilməsində vasitəçilik, təhrik, sövq etmək və ya məsləhət vermək.
    Tərəflərin ixtiyarında, həmçinin 1961-ci il və 1971-ci il Konvensiyalarının şərtləri pozulmaqla hər hansı narkotik vasitənin və ya psixotrop maddənin şəxsi istehlak üçün saxlanmasının, alınmasının və ya becərilməsinin qəsdən törədilən cinayət əməli kimi qəbul edilməsi qalmışdır. Belə əməllərə görə bu hüquqpozmaların ciddi xarakterini və ya neqativ nəticəlirini nəzərə alan sanksiyalar kimi aşağıdakılar nəzərdə tutulmuşdur:
    -azadlıqdan məhrumetmə, o cümlədən həbs cəzası;
    -cərimə sanksiyaları;
    -müsadirə.
    Tərəflər hökm və ya cəzaya əlavə olaraq, yaxud xırda hüquqpozmaların törədilməsində müalicə, yenidəntərbiyə, hüquqpozucusunun sonradan müşahidəsi, əmək qabiliyyətinin bərpa edilməsi və ya sosial reinteqrasiya kimi alternativ tədbirləri tətbiq edə bilərlər.
    1988-ci il Konvensiyanın mühüm novellası narkocinayətlərin ağırlaşdırıcı hallarının müəyyən edilməsi olmuşdur. Konvensiya tərəflərə, milli məhkəmələr və ya yuridiksiyaya malik olan səriştəli orqanlar tərəfindən aşağıdakı faktiki halların nəzərə alınmasının təmin olunmasını həvalə etmişdir:
    -hüquqpozucusunun daxil olduğu mütəşəkkil cinayətkar qrupunun hüquqpozmalarında iştirak;
    -hüquqpozucusunun beynəlxalq mütəşəkkil cinayətkar fəaliyyətin başqa növlərində iştirakı;
    -hüquqpozucusunun bu hüquqpozmanın törədilməsinə kömək edən başqa qanunsuz fəaliyyət növlərində iştirakı;
    -hüquqpozucusunun zorakılıq və silah tətbiq etməsi, 3-cü maddənin 5-ci bəndində sadalanan başqa şərtlər.
    Beləliklə, narkotiklərdən sui-istifadəyə və onların qanunsuz dövriyyəsinə qarşı mübarizədə hazırda üç Beynəlxalq Konvensiya qüvvədədir. Onlar narkotik vasitələr, psixotrop maddələr və perekursorlar üzərində nəzarət sisteminin beynəlxalq birlik tərəfindən hazırlanan və müdafiə edilən hüquqi əsasını təşkil edirlər. Bu əsasda dünya birliyi dövlətlərinin əksəriyyətini təşkil edən iştirakçı dövlətlərin bu məsələlərdə qarşılıqlı fəaliyyəti təşkil edilir.

    İştirakçı dövlətlər beynəlxalq konvensiyaların müddəalarının yerinə yetirilməsini və bir-biriləri və beynəlxalq təşkilatlar qarşısında öhdəliklərinə uyğun fəaliyyət göstərilməsini tələb edən ümumi hüquqi bazaya əsaslanaraq, narkotiklərin yayılmasına qarşı mübrizədə könüllü olaraq səylərini birləşdirirlər.
    Göstərilən konvensiyalar ardıcıl surətdə inkişaf edir; tamamlanır və təkmilləşir. Ümummilli mənafelər əsasında qəbul edilmiş beynəlxalq müqavilələr bir tərəfdən konvensiyanın əsas maddələrinə hər hansı düzəlişin edilməsi hüququna yol vermir, lakin digər tərəfdən də bir çox maddələr nəzarət məsələlərinin komplektləşdirilməsində milli qanunvericiliyin xüsusiyyətlərinin nəzərə alınması imkanını nəzərdə tutur. Bu prinsipin narkotik vasitələr haqqında 1961-ci il tarixli Vahid Konvensiyada, habelə psixotrop maddələr haqqında 1971-ci il Konvensiyasında və BMT-nin 1988-ci il Konvensiyasında həyata keçirilməsi, BMT-nin Nizamnaməsinə zidd olan və dövlətlərin öz təbii və digər daxili ehtiyatlarından istifadə etməyə suveren hüquqlarına toxunan 1953-cü il tarixli Protokolun (qüvvəyə minməyən) çatışmazlıqlarını aradan qaldırmağa imkan vermişdir. Konvensiyanın muvafiq maddələri (Konvensiya - 61, -- maddə 39; Konvensiya - 71, -- maddə 23; Konvensiya - 88, -- maddə 12 bənd 10b; maddə 24) ölkələrin konstitusiya xüsusiyyətləri və milli ənənələri nəzərə alınmaqla nəzarət tədbirlərində düzəliş etməyə imkan verir. Eyni zamanda yurisdiksiya məsələləri də bütövlükdə daxili hüquqda saxlanılmışdır (Konvensiya - 61, -- maddə 35; maddə 36 bənd 1a, 2, 3; Konvensiya - 71, -- maddə 10 bənd 2; maddə 21; maddə 22 bənd 1a, 2, 4; Konvensiya - 88, -- maddə 3 bənd 1c, 2, 6, 11; maddə 7, bənd 4, 15c; maddə 9 bənd 1; maddə 11 bənd 1), habelə dövlət müəssisələrinin, peşəkarların -- həkimlərin, provizorların, alimlərin öz peşə funksiyalarının həyata keçirilməsində narkotik vasitələrlə və psixotrop maddələrlə lisenziyasız işləməsinə hüquq verən qayda (Konvensiya - 61, -- maddə 29 bənd 2c, maddə 30 bənd 1a, 1c, 1, 2b; maddə 371 bənd 1, Konvensiya - 88, -- maddə 8 bənd 3: maddə 9 bənd 1, maddə 11 bənd 4).
    Ümumiyyətlə, narkotiklərlə mübarizə sahəsində beynəlxalq müqavilələr nakrotik vasitələrdən sui-istifadənin və narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması tədbirlərinin həyata keçirilməsində hökümətlərin birgə fəaliyyətinin aşağıda göstərilən yollarını və formalarını müəyyənləşdirir.
    Onlara aşağıdakılar daxildir:
    1. Milli (daxili) öhdəliklər və fəaliyyətlər:
    a) qanuni tibbi və elmi məqsədlərlə narkotik vasitələrin və psixotrop maddələrin istehsalının, hazırlanmasının, gətirilməsinin və aparılmasının, yayılmasının və ticarətinin, saxlanmasının və istifadəsinin məhdudlaşdırılması;
    b) qüvvədə olan konvensiyaların müddəalarının yerinə yetirilməsi ilə əlaqədar müvafiq inzibati tədbirlərin görülməsi;
    c) narkotik bitkilərin qanunsuz becərilməsinə, narkotik vasitələrin, psixotrop maddələrin və perekursorların istehsalına və hazırlanmasına yol verilməməsi;
    ç) narkotik vasitələrin, psixotrop maddələrin və perekursorların qanuni ticarət sferasından sızmasının qarşısının alınması və narkotik vasitələrə və konvensiyanın iştirakçısı olan tərəf məqsədəuyğun sayırsa, könüllü surətdə psixotrop maddələrə kvotanin tətbiq edilməsi;
    d) konvensiya üzrə öhdəliklərin yerinə yetirilməsi sahəsində başqa dövlətlərlə əməkdaşlıq;
    e) narkotik və psixotrop maddələrin təhlıkəsiz bölgüsünə və istifadəsinə aid şərtlər.
    Narkotik və psixotrop maddələrin bölgüsünün xüsusi səlahiyyətli elmi-tədqiqat və ya müalicə funksiyalarını həyata keçirən şəxslər tərəfindən, yaxud lisenziyası olan şəxslər tərəfindən həyata keçirilməsi; bölgüyə dövlət nəzarəti; pasientlərə narkotik vasitələrin verilməsində tibbi reseptlərin zəruriliyi; beynəlxalq termenologiyadan istifadə; geniş ictimaiyyət arasında reklamın qadağan edilməsi; predmet - kəmiyyət uçotu və qeydiyyat sistemi.
    Eyni zamanda konvensiyalara hökumətin rəyinə görə müəyyən şəraitlərdə (epidemiya, təbii fəlakət) bütövlükdə ölkədə və onun ayrı-ayrı regionlarında dərman vasitələri ilə normal təchizatın və dərman terapiyasının həyata keçirilməsinə mane olan məhdudiyyətlərin yüngünlləşdirilməsini nəzərdə tutan xüsusi müddəalar daxildir. Buraya konvensiyada nəzərdə tutulduğundan nisbətən milli səviyyədə daha ciddi tədbirləri tətbiq etmək hüququnu da əlavə etmək lazımdır.
    2.BMT orqanları sisteminə və beynəlxalq təşkilatlara aid öhdəliklər:
    a)BMT Baş katibinə təqdim edilən informasiya (beynəlxalq müqavilələrin qüvvəsi haqqında illik hesabatlar, qanunların və qaydaların mətnləri, narkotiklərin qanunsuz daşınmasına aid yeni meyllər və metodlar, müvafiq dövlət xidmətlərinin ünvanları, narkotik vasitələrdən sui-istifadə sahəsində son dövrün mühüm hadisələri və sair);
    b)konvensiyalara düzəlişlər edilməsinin zəruriliyi haqqında mülahizələr;
    c)narkotiklərə nəzarət üzrə Beynəlxalq Komitəyə məruzələr (narkotik vasitələrə tələbatın qiymətləndirilməsi, istehsal, emal, istehlak, idxal, ixrac, ehtiyatlar və sair haqqında statistik məlumatlar);
    ç)yeni vasitələrin milli səviyyədə narkotik vasitələrin, psixotrop maddələrin və perekursorların siyahılarına daxil edilməsi haqqında informasiya və bunun beynəlxalq səviyyədə edilməsinin (BMT-nin narkotik vasitələr üzrə Komissiyasının qərarı ilə) məqsədəuyğunluğu haqqında məsələyə müəyyən edilmiş qaydada baxılması təklifi.
    Bu konvensiyalarin təyin etdiyi öhdəliklərin həyata keçirilməsi üzərində, eləcədə narkotiklərin istehsalına, hərəkətinə və istifadə edilməsinə BMT-nin xüsusi idarələri nəzarət edir. Hazırda BMT yanında narkotik və psixotrop maddələrə nəzarət və onların qanunsuz dövriyyəsinə qarşı fəaliyyət sahəsində bütöv orqanlar kompleksi fəaliyyət göstərir:
    1.Narkotiklərə beynəlxalq nəzarət sahəsində beynəlxalq birliyin siyasətini müəyyənləşdirən BMT-nin Narkotik Vasitələr üzrə Komissiyası.
    Bu orqan BMT rəhbərliyi ilə yanaşı, həm də ayrı-ayrı ölkələrə antinarkotik fəaliyyətin hüquqi məsələləri də daxil olmaqla, bütün məsələlər sahəsində tövsiyələr vermək hüququ vardır. Onun səlahiyyətinə bundan başqa müvafiq beynəlxalq sənədlərin təkmilləşdirilməsi üzrə təşəbbüskarlıq işi də daxildir.
    2.Narkotik və psixotrop maddələrə nəzarət haqqında beynəlxalq müqavilələr sisteminin fəaliyyətini müşahidə etmək üçün EKOSOS tərəfindən təyin edilən 13 üzv - ekspertdən ibarət Narkotik vasitələrə nəzarət üzrə Beynəlxalq Komitə. O, hər il narkotiklərə nəzarət sahəsindəki vəziyyət haqqında məruzə təqdim edir.
    3.BMT-nin Narkotik Vasitələrə Beynəlxalq Nəzarət üzrə Proqramı (UNDCP). Bu proqrama uyğun olaraq BMT-nin Baş Məclisi hər il narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehsalına, təklifinə, tələbatına, dövriyyəsinə və yayılmasına qarşı mübarizə sahəsində fəaliyyətin ümumdünya proqramının həyata keçirilməsi haqqında BMT Baş katibinin məruzəsini dinləyir.
    Narkomanlığa qarşı mübarizə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əks-təsir sahəsində beynəlxalq əməkdaşlığın formalaşması və inkişafı ilə əlaqədar əsas hadisələrin qısa xülasəsi belədir. Narkotiklərə nəzarətin beynəlxalq sisteminin əsasını təşkil edən hüquqi sənədlər və xüsusi orqanlar haqqında məlumat bu sistemin funksiyaları, məqsədləri, vəzifələri haqqında təsəvvür verir. Narkotik vasitələrə beynəlxalq nəzarət üzrə BMT proqramında ölkəmizin iştirakı bu məsələlərin geniş işıqlandırılmasını tələb edir. Milli hökumətlərin konvensiyaların və başqa beynəlxalq sənədlərin müddəalarından irəli gələn vəzifələrini və hüquqlarını bilmək bu bəlaya qarşı fəal mübarizə üçün dövlətimiz tərəfindən görülən qanunvercilik və başqa tədbirləri düzgün başa düşməyə və qiymətləndirməyə imkan verir.

    Beynəlxalq nəzarət sistemini xronoloji olaraq aşağıdakı şəkildə göstərmək olar.
    Narkotik vasitələr və psixotrop maddələrə nəzarət sahəsində beynəlxalq tədbirlər.
    I. Beynəlxalq konfranslar
    1.Tiryəkə nəzarət üzrə birinci beynəlxalq konfrans (Şanxay, 1911-ci il).
    2.Narkotik vasitələrdən sui-istifadəyə və onların qanunsuz dövriyyəyə qarşı mübarizə üzrə beynəlxalq konfrans (Vyana, 1987-ci il).
    3.BMT Baş Məclisinin XVII xüsusi sessiyası (Nyu-York, 1990-cı il).
    4.BMT Baş Məclisinin dünya narkotik probleminə qarşı birgə mübarizəyə həsr edilmiş XX xüsusi sessiyası (Nyu-York, 1998-ci il).
    II. Narkotik vasitələrə nəzarət üzrə beynəlxalq müqavilələr, (mötərizədə qüvvəyə mindiyi il göstərilmişdir).
    1.Tiryək haqqında 1912-ci il 23 yanvar tarixli (1925-ci il) Beynəlxalq Konvensiya (Haaqa Konvensiyası).
    Millətlər liqası.
    2.Çəkilən tiryəkin istehsalına, daxili ticarətinə və istifadə olunmasına aid 1925-ci il 11 fevral tarixli (1928-ci il) Saziş (Cenevrə).
    3.Tiryək haqqında 1925-ci il 19 fevral tarixli (1928-ci il) Beynəlxalq Konvensiya (Cenevrə).
    4.Narkotik vasitələrin istehsalının məhdudlaşdırılması və reqlamentləşdirilməsi haqqında 1931-ci il 13 iyul tarixli (1933-cü il) Konvensiya.
    5.Uzaq şərqdə tiryək çəkilməsinə nəzarət haqqında 1931-ci il 27 noyabr tarixli (1937-ci il) saziş (Banqkok).
    6.Təhlükəli dərman vasitələrinin qanunsuz dövriyyəsinin qarşısının alınması haqqında 1936-cı il 26 iyun tarixli (1939-cu il) Konvensiya (Cenevrə).
    Birləşmiş Millətlər Təşkilatı
    7.Əvvəlki altı saziş, konvensiya və protokolda dəyişiklik edilməsi haqqında 1946-cı il 11 dekabr tarixli (1946-cı il) protokol (Leyk-Sakses, Nyu-York).
    8.1931-ci il 13 iyul tarixli Konvensiyanın qüvvəsi altına düşməyə narkotik vasitələrə beynəlxalq nəzarətin şamil edilməsi haqqında 1948-ci il 19 noyabr tarixli (1949-cu il) protokol (Paris).
    9.Tiryək xaşxaşının istehsalının məhdudlaşdırılması və reqlamentləşdirilməsi, onun beynəlxalq və topdansatış ticarəti və istifadəsi haqqında 1953-cü il 23 iyun tarixli (1963-cü il) Protokol (Nyu-York).
    10.Narkotik vasitələr haqqında 1961-ci il 30 mart tarixli (1964-cü il) Vahid Konvensiya (Nyu-York) (bu Konvensiyanın qüvvəyə minməsi ilə bütün əvvəlki müqavilələrin qüvvəsi praktik olaraq dayandırılmışdır).
    11.Psixotrop maddələr haqqında 1961-ci il 21 fevral tarixli (1976-cı il) Konvensiya (Vyana).
    12.Narkotik vasitələr haqqında Vahid Konvensiyada düzəlişlər edən 1972-ci il 21 ferval tarixli (1975-ci il) Protokol (Cenevrə).
    13.Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında 1988-ci il tarixli (1990-cı il) Konvensiya (Vyana).
    III. BMT çərçivəsində əlavə qərarlar.
    1.Narkotik vasitələrdən sui-istifadəyə qarşı mübarizə sahəsində gələcək fəaliyyətin 1987-ci il tarixli Ümumi intizam planı (Vyana).
    2.BMT Baş Məclisinin XVII xüsusi sessiyasının 1990-cı il tarixli Siyasi bəyannaməsi (Nyu-York).
    3.BMT Baş Məclisinin XX xüsusi sessiyasının Siyasi bəyannaməsi (Nyu-York). Narkotiklərə tələbatın azaldılmasının rəhbər prinsipləri narkotiklərin dünya probleminə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi sahəsində tədbirlərdir.

    Direktor, h.e.d., baş ədliyyə müşaviri – Cavadov Fuad Musa oğlu
    Kriminologiya və hüquqi kibernetika ETL-nin müdiri, t.e.n-Abdullayev Yaşar Musa oğlu
    Maddə material və məmulatların krimnalistik ekspertizası ETL-nin kiçik elmi işçisi Hacıyev Sənan Firudin oğlu.

  • (+99 412) 498-05-43

    E-mail: info@expert.gov.az

    Ünvan: Xəqani küçəsi 14,
    AZ1000, Bakı, Azərbaycan

(c) 2003 - 2011 Məhkəmə Ekspertiza Mərkəzi   |   All Rights Reserved   |   created by Azerin LLC