• ÜMUMİ MƏLUMAT
  • TARİX
  • STRUKTUR
  • ELMİ MƏQALƏLƏR
  • QANUNVERCİLİK
  • MƏKTUB YAZMAQ
    Azerbaycan dili English Русский язык
  • Ana səhifə
    Хəbərlər
    Аrxiv
    Sual-cavab
    Saytın xəritəsi
    Qəbul günləri
    Əlaqə
    .
  • Mülki Işlər Üzrə Məhkəmə-Psixoloji Ekspertizasi Məsələləri

    Müasir psixologiya elminin müxtəlif sahələrinin, o cümlədən, hüquq psixologiyasının, eyni zamanda, məhkəmə-psixoloji ekspertizası nəzəriyyəsinin inkişafı mülki işlərin məhkəmədə baxılması zamanı psixoloji ekspertizanın nəticələrindən istifadə edilməsi imkanlarının artırılmasına gətirib çıxarmışdır.

    Araşdırmalarımız göstərir ki, psixoloji ekspertiza şöbəsinə daxil olmuş və yerinə yetirilmiş mülkü işlər üzrə ekspertizaların sayı azlıq təşkil edir. Fikrimizcə bu, ilk növbədə mülkü işlər üzrə məhkəmə-psixoloji ekspertizasının nəzəri əsaslarının, onun metodoloci məsələlərinin, bu növ ekspertizanın predmet və strukturunun, xüsusi anlayışlar sisteminin, tətbiq olunması səlahiyyətlərinin və s. elmi cəhətdən işlənilməməsi ilə bağlıdır. Bu mənada mülki işlər üzrə məhkəmə-psixoloji ekspertizasının nəzəri və metodoloci məsələlərinin tədqiq olunması aktuallıq kəsb edir.

    Məhkəmə-psixoloji ekspertizası nəzəriyyəsinin strukturuna aşağıdakı mərhələlər daxil edilir: a) məhkəmə-psixoloji ekspertizası nəzəriyyəsinin ümumi konseptual əsasları; b) məhkəmə-psixoloji ekspertizasının predmeti, obyekti, məqsəd və vəzifələri, funksiyaları; c)məhkəmə-psixoloji ekspertizasının metodları; d) ekspert proqnozlaşdırılması (M.M.Koçenov, F.M.Cavadov, B.H.Əliyev). Mülki proseslərdə xüsusi psixoloji biliklərdən istifadə nəzəriyyəsi psixoloji elmlər sisteminə daxil olan hüquqda xüsusi psixoloji biliklərin tətbiq edilməsi nəzəriyyəsi çərçivəsində inkişaf edir və eyni zamanda kriminalistika, kriminologiya və başqa hüquqi elmlərlə sıx əlaqədardır.

    Mülki işlər üzrə məhkəmə-psixoloji ekpsertizasının məqsədi psixi fəaliyyətin xüsusiyyətlərinin tədqiqi zamanı alınmış faktların şərhindən, ekspert qiymətləndirilməsindən ibarətdir. Çünki psixoloji eksrertiza zamanı şəxsiyyətin müəyyən psixi xüsusiyyətlərinin aşkar edilməsi nəticəsində ekspert-psixoloq həmin xüsusiyyətlərin konkret hadisə şəraitində subyektin davranışına necə təsir göstərdiyini qiymətləndirir. Məhz bu cəhət ekspert rəyini sübutun formalarından birinə çevirir. Psixoloji tədqiqat zamanı ekspert-psixoloq xüsusi psixoloji biliklərdən və metodikalardan istifadə edərək, məhkəməyə məlum olmayan faktlar aşkar edir. Bu baxımdan, mülki işlər üzrə məhkəmə-psixoloji ekspertizasının predmetini xüsusi psixoloji biliklərin tətbiqi vasitəsilə şəxsin psixi fəaliyyətinin iş üçün əhəmiyyət kəsb edən faktlarının müəyyən edilməsi, obyektini isə konkret şəxs (iddiaçı və cavabdeh) və onun fəaliyyətinin maddi məhsulları təşkil edir.

    Mülki işlər üzrə məhkəmə-psixoloji ekspertizasının əsasən hüquqi, qnoseoloji və etik meyarları fərqləndirilir: hüquqi meyara görə, ekspert-psixoloqa davranışın, təqsirin, əmək qabiliyyətsizliyinin və s. hüquqi motivləri barədə suallar verilə bilməz. Əgər ekspert öz rəyində üzə çıxardığı vəziyyətə hüquqi qiymət verməyə cəhd göstərərsə, bu, ekspertin səlahiyyət dairəsindən kənara çıxması kimi qiymətləndirilir, onun rəyinin qüsurlu olduğuna gətirib çıxarır və məhkəmə sübutları kimi qəbul edilməsinə imkan vermir. Məhkəmə-psixoloji ekspertizasından istifadənin hüquqi hüdudları daimi xarakter daşıyır və keçirilən hər bir ekspertizaya tətbiq oluna bilər.

    Hüquqi meyardan fərqli olaraq, qnoseoloji meyar dəyişkəndir, daimi əhəmiyyət kəsb etmir, onun məzmunu müasir psixologiyanın inkişaf səviyyəsi, tətbiqi psixologiyanın imkanları ilə müəyyənləşdirilir. Qnoseoloji meyar o deməkdir ki, məhkəmə-psixoloyi ekspertizasının predmeti psixoloji hadisənin yalnız elə vəziyyətləri (proseslər, hallar, xüsusiyyətlər) ola bilər ki, artıq onların elmi adekvat izahı verilmiş olsun, psixologiyanın ilkin fərziyyələrinə cavab verən etibarlı elmi metodikası işlənib, hazırlanmış olsun.

    Konkret psixoloji səbəbin üzə çıxarılımasına da müstəqil ekspert məsələsi kimi baxmaq hələ tezdir. Bununla belə, artıq tədqiqatçılar tərəfindən şəxsiyyətin əsas motivasiya yönümlərinin, onların strukturlarının üzə çıxarılma metodikası işlənib hazırlanmışdır. Psixoloji tədqiqatlar göstərir ki, insan davranışının mexanizmi, bir çox hallarda təhtəlşüur, dərkolunmaz faktlarla əlaqədar olur. Lakin, konkret fəaliyyət zamanı, onların özünü biruzə verməsi məsələsinin tədqiqi gələcəyin işidir. Buna görə də, dərkolunmaz psixoloji vəziyyətlərin qoyuluşu da, ekspertiza predmeti ola bilməz.

    Müqayisə üçün deyək ki, bir sıra Avropa ölkələrində, o cümlədən Almaniyada dəfələrlə psixoanaliz yolu ilə, bu və ya digər dərkolunmaz davranış amillərinin müəyyənləşdirilməsinə cəhdlər olunub və olunmaqdadır. Almaniyada, həmçinin, aldatma üzrə iddialara görə, cavabdehin paranormal qabiliyyətini üzə çıxarmaq üçün psixoanalitik ekpertizalar keçirilmişdir.

    Mülki işlər üzrə psixoloji ekspertizanın etik meyarı da daimi xarakter daşıyır. Göstərilir ki, şəxsiyyətin sosial mənəvi təbiəti, əxlaqi dəyəri kimi hallar məhkəmə-psixoloji ekspertizanın predmeti ola bilməz. Ekspert şəxsiyyətin mənəvi-psixoloji xarakteristikasını verərkən, ona mənsub olan psixoloji özəlliklərin və keyfiyyətlərin xüsusiyyətlərini üzə çıxarır, şəxsiyyətin tələbatı və dəyərlər sistemini xarakterizə edir, bunu müayinə zamanı psixoloji qanunları və qanunauyğunluqları tətbiq etməklə, şəxsiyyətin strukturunu psixoloji təhliletmə metodu ilə həyata keçirir. Şəxsiyyətəməxsus psixi keyfiyyətlərin təfsiri xüsusi biliklərin tətbiqinin nəticəsidir. Lakin, ekspert şəxsiyyətin sosial qiymətini vermir və buna ixtiyarı da yoxdur. Bunu ancaq proses zamanı məhkəmə edə bilər. Yeri gəlmişkən, bir sıra Qərbi Avropa ölkələrində şəxsiyyətin psixoloji portreti psixoloji ekspertizanın vacib hissəsidir. Respublikamızda uzun illər ekspert-psixoloq tərəfindən şəxsiyyətin psixoloji xarakteristikasının verilməsinin düzgünlüyü inkar olunurdu. Guman edirdilər ki, bununla guya ekspert əvvəlcədən onun sosial qiymətini verir ki, bu da xüsusi biliklər çərçivəsindən kənara çıxmaq deməkdir.

    Ekspert təcrübəsi göstərir ki, mülki işlər-əqdlərin etibarsızlıgı ilə əlaqədar işlər, öhdəlik və müqavilə münasibətlərindənirəli gələn işlər və uşaqların tərbiyəsi hüquqlarının mübahisəli halları üzrə məhkəmə-psixoloji ekspertizası keçirilərkən yetkinlik yaşına çatmayanlar, yaşlı və ahıl şəxslər törətdikləri əməllərin (yaxud da özgələrinin törətdikləri) məzmununu və məqsədini qabaqçadan tam görə bilmək, məhkəmədə izahat verərkən, məhkəməni maraqlandıran məlumatları şifahi olaraq düzqün ifadə vermək iqtidarında heç də həmişə olmurlar. Bu cür subyektlərin psixi fəaliyyətlərinin formalaşması və inkişafı xüsusiyyətlərinin müəyyənləşdirilməsi prosesdə ekspert-psixoloqun iştirakının vacibliyini şərtləndirir.

    Duyğu və qavrama qüsurları psixi fəaliyyətin keyfiyyətinə və funksiyasına böyük təsir göstərən fərdi-psixi xüsusiyyətlər əmələ gətirir. Psixoloji ekspertiza idrak proseslərinin spesifikasını, tam fəaliyyətdə olan başqa duyğu üzvlərinin kompensasiya xassələrinin spesifikasını aşkara çıxarmağa imkan verir.

    Mülki işlərə baxılarkən, duyğu qüsurları olan şəxsin əqd bağlamaq, müqavilələri yerinə yetirməyə iqtidarlı, habelə tam qaydada vəsiyyət etmə qabiliyyətinə malik olub-olmadığını müəyyən etdikdə lazımı sübutları əldə etmək üçün məhkəmə psixoloji ekspertizasının təyin edilməsi vacibdir. Fikrimizcə, məhkəmə orqanları tərəfindən mülki işlərin araşdırılması zamanı bu məsələlərə xüsusi fikir verilməlidir.


    Sabir Şabanov,
    Nailə Qasımova


         

  • (+99 412) 498-05-43

    E-mail: info@expert.gov.az

    Ünvan: Xəqani küçəsi 14,
    AZ1000, Bakı, Azərbaycan

(c) 2003 - 2011 Məhkəmə Ekspertiza Mərkəzi   |   All Rights Reserved   |   created by Azerin LLC