Müasir cəmiyyətdə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində, cinayətkarlıqla, digər hüquq pozuntuları ilə mübarizənin gücləndirilməsində məhkəmə ekspertizalarının, o cümlədən məhkəmə tikinti-texniki ekspertizasının da müəyyən rolu vardır.
Sosial, iqtisadi, hüquqi və digər sahələrdə əhəmiyyətli, inqilabi xarakterli dəyişikliklərin baş verdiyi, yeni mülkiyyət formalarının, sosial-iqtisadi və hüquqi münasibətlər sisteminin formalaşdığı bir dövrdə, xüsusi biliklərdən, o cümlədən məhkəmə tikinti-texniki ekspertizasından istifadə halları artmış, hüquq pozuntularının qarşısının alınması sahəsində məhkəmə ekspertizanın bu növünün rolu və vəzifələr dairəsi genişlənmişdir.
Bunu statistik rəqəmlərlər, son dövrün ekspert təcrübəsi də göstərir. Belə ki, 2002-ci ildə məhkəmə tikinti-texniki ekspertizası elmi-tətdqiqat laboratoriyasına daxil olmuş 371 işdən 246 (yəni 66.2%-i), 2003-cü ildə 428 işdən 279-u (65.4%), 2004-cü ildə 557 işdən 338-i (60.6%-i), 2005-ciildə 613 ekspertizadan 432-i (70.4%-i), 2006-cı ildə isə 787 ekspertizadan 540-ı (68.9%-i) tikinti-texniki ekspertizası ilə bağlı olmuşdur.
Məhkəmə tikinti-texniki ekspertizası, məhkəmə ekspertizasının nisbətən yeni, elmi-nəzəri, metodoloji-metodiki, təşkilati-texniki və prosessual əsasları hələ tam formalaşmamış növüdür. Bunu nəzərə alaraq, məhkəmə tikinti-texniki ekspertizasının metodiki əsaslarının yaradılması ilə bağlı tərəfimizdən son illərdə elmi tədqiqatlar aparılmış və bir sıra ekspertiza məsələlərinin həlli metodikaları işlənib hazırlanmışdır.
Onların sırasında göstərmək olar:
1)yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması metodikası;
2)evlərin bölgüsü ilə əlaqədar olaraq torpaq sahələrində sərhəd hasarının müəyyən olunması metodikası;
3)çoxmənzilli binalarda mənzillərin qiymətlərinin hesablanması metodikası;
4)mülklərin, ev ətrafı tikililərin və torpaq sahələrinin qiymətlərinin hesablanması metodikası;
5)kommersiya və sənaye təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi metodikası;
6)mərtəbəarası örtük panellərindən suyun sızma səbəblərinin müəyyən olunması metodikası;
7)tikililərin dağılması (uçması) səbəblərinin, şəraitlərinin və mexanizminin təyini metodikası.
Eyni zamanda, xüsusi ədəbiyyatın, ekspert təcrübəsinin təhlili, məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı bir sıra elmi-nəzəri, metodoloji və metodiki xarakterli problemlərin hələ də mövcud olduğunu göstərir. Belə ki, məhkəmə tikinti-texniki ekspertizasında qeyri-ənənəvi tədqiqat metodlarının və texniki vasitələrin (sistemli-struktur təhlil, riyazi və kibernetik modelləşdirmə, videoçəkiliş, müasir informasiya texnologiyaları) tətbiqinin ümumelmi ilkin şərtlərinin və əhəmiyyətinin müəyyən edilməsi, qeyd olunan metod və vasitələrin tətbiqi imkanlarının araşdırılması da vacib məsələlərdən hesab edilməlidir.
Aktual, elmi-təcrübi əhəmiyyət kəsb edən problemlər sırasında məhkəmə tikinti-texniki ekspertizası məsələlərinin həllində kibernetik və riyazi modelləşdirmə metodlarının, informasiya nəzəriyyəsinin, sistemli-struktur analizin, müasir kompüter texnologiyalarının tətbiqi imkanlarının kompleks tədqiqi, bu əsasda məhkəmə tikinti-texniki ekspertizası icraatının səmərəliliyinin yüksəldilməsi məqsədilə informasiya-axtarış sistemlərinin, avtomatlaşdırılmış məlumat banklarının yaradılmasını da göstərmək olar.
Beləliklə, məhkəmə tikinti-texniki ekspertizası sahəsində öz həllini gözləyən bir sıra elmi-nəzəri, təşkilati-texniki, metodoloji və metodiki xarakterli problemlər durur ki onlardan biri də məhkəmə tikinti-texniki ekspertizası icraatının kompüterləşməsi və avtomatlaşdırılmasının elmi-nəzəri və təşkilati-texniki əsaslarının işlənib hazırlanması, bu növ ekspertiza icraatının informasiya təminatının yaradılması məqsədilə avtomatlaşdırılmış proqram komplekslərinin, informasiya-məlumat fondlarının yaradılmasıdır.
Məhəmməd Məmmədov
(+99 412) 498-05-43
E-mail: info@expert.gov.az
Ünvan: Xəqani küçəsi 14,
AZ1000, Bakı, Azərbaycan
(c) 2003 - 2011 Məhkəmə Ekspertiza Mərkəzi | All Rights Reserved | created by Azerin LLC