Korrupsiya ilə mübarizə problemi artıq xeyli müddətdir ki, dünya ictimaiyyətinin, o cümlədən Azərbaycan cəmiyyətinin diqqət mərkəzindədir. Azərbaycanda demokratik, dünyəvi dövlətin qurulduğu, islahatların geniş vüsət aldığı bir dövrdə korrupsiya cəmiyyətdə ciddi sosial-iqtisadi, mənəvi-hüquqi problemlərin yaranmasına, əhalidə bəzi dövlət orqanlarına inamsızlığın yaranmasına səbəb olur, cəmiyyətdə mövcud sosial-psixoloji durumun pisləşməsinə gətirir.
Korrupsiya cinayətkarlığının xarakterik cəhəti onun yüksək latentliyi, kölgə iqtisadiyyatı və mütəşəkkil cinayətkarlıqla sıx bağlı olmasıdır. Sosial-hüquqi hadisə kimi korrupsiya qədim zamanlardan yaranmış olsa da, son illərdə, böyük siyasi, sosial və iqtisadi dəyişikliklərlə xarakterizə olunan dövrdə xüsusilə geniş yayılmış, ictimai təhlükəliliyi qat-qat artmışdır.
Korrupsiya beynəlxalq problemdir. Siyasi quruluşundan və sosial-iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq korrupsiya dünyanın bütün ölkələrində mövcuddur və yalnız miqyaslarına görə fərqlənir. Məhz buna görə də korrupsiya ilə mübarizə beynəlxalq ictimaiyyətin, nüfuzlu beynəlxalq təşkilatların daim diqqət mərkəzində olmuş, bu problemin həllinə yönəlmiş beynəlxalq konfranslar, seminar və simpoziumlar keçirilmişdir.
Bəşəriyyətin məruz qaldığı bu sosial bəlaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın səmərəliliyinini artırmaq üçün BMT-nin korrupsiyaya qarşı Konvensiyası qəbul edilmiş, ölkəmiz 2005-ci ildə həmin Konvensiyaya qoşulmuşdur. Korrupsiyaya qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi, fəaliyyətin əlaqələndirilməsi məqsədilə Çin Xalq Respublikasının təşəbbüsü və BMT-nin dəstəyi ilə Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası yaradılmışdır. Belə mötəbər bir qurumun rəhbərliyində ölkəmizin təmsil olunması korrupsiya ilə mübarizədə dövlətimizin götürdüyü strateci kursun məqsəd və məramı ilə şərtlənir.
Qeyd etmək lazımdır ki, korrupsiyanın dövlət və cəmiyyət üçün olduqca böyük təhlükə kəsb etdiyi nəzərə alınaraq Azərbaycanda bu sosial-hüquqi hadisə ilə mübarizənin səmərəliliyinin yüksəldilməsinə istiqamətlənmiş bir sıra tədbirlər görülmüş, Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir sıra sərəncamlar imzalanmış, «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanunu, bir sıra dövlət proqramları qəbul edilmişdir.
Eyni zamanda korrupsiya ilə mübarizənin elmi zəmin əsasında təşkili məqsədilə hələ xeyli işlər görülməli, bu sahədə kriminoloji, cinayət-hüquqi və kriminalistik tədqiqatların intensivliyi yüksəlməlidir.
Dövlətin sosial nəzarət orqanlarının, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin korrupsiya ilə mübarizə üzrə fəaliyyətlərinin effektlivliyinin yüksəldilməsi məqsədilə ölkədə korrupsiya təzahürlərinin vəziyyətini tam əks etdirən xüsusi hesabat və statistikanın aparılması, cinayət və cinayət-prosessual qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə beynalxalq təcrübənin öyrənilməsi, korrupsiya ilə mübarizədə beynalxalq əməkdaşlıq imkanlarının nəzərə alınması və s. də daxil olmaqla təşkilati-texniki, sosial-iqtisadi, hüquqi xarakterli kompleks tədbirlər sistemi işlənib hazırlanmalı, onların reallaşdırılması mexanizmləri yaradılmalıdır.
Sistemli-struktur, kompleks yanaşma, müqayisəli-hüquqi və statistik-kriminoloji analiz metodlarından istifadə etməklə elmi idrak obyekti kimi korrupsiyaya müxtəlif yanaşma tərzlərinin təhlili, korrupsiyanın anlayışının, mahiyyət və məzmununun, əsas əlamətlərinin müəyyən edilməsi, müasir cəmiyyətdə, dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda korrupsiyanın vəziyyəti, struktur və dinamikası, mahiyyəti, növləri, formaları və təzahür sahələrinin tədqiqi, korrupsiyanın neqativ sosial-iqtisadi nəticələrinin, korrupsiyanı doğuran səbəb və şəraitlər kompleksinin, korrupsiya ilə bağlı cinayətləri edənlərin şəxsiyyətinin sistemli təhlili, bir sıra xarici ölkələrin korrupsiya ilə mübarizə təcrübəsinin, korrupsiyanın qarşısının alınması və profilaktikasının əsas istiqamətlərinin analizi, bu əsasda və Azərbaycan reallıqları nəzərə alınmaqla korrupsiya ilə mübarizə sahəsində görülməsi zəruri olan tədbirlər kompleksinin, mübarizənin əsas istiqamətlərinin(elmi-nəzəri, təşkilati-metodiki, sosial-hüquqi, mənəvi-psixoloji , cinayət-hüquqi, kriminoloji, kriminalistik, cinayət-prosessual) müəyyən edilməsi öz həllini gözləyən məsələlərdən hesab edilməlidir.
Hesab edirik ki, korrupsiya ilə mübarizənin konseptual elmi əsaslarının yaradılması məqsədilə problemin cinayət-hüquqi aspektləri, korrupsiyanın müxtəlif növlərinə görə cinayət məsuliyyəti müəyyən edən Azərbaycan və xarici ölkələrin qanunvericilik normaları, korrupsiya ilə mübarizə məsələlərinə həsr olunmuş beynəlxalq təşkilatlar, xüsusən də BMT tərəfindən qəbul edilmiş sənədlər mükəmməl və sistemli şəkildə öyrənilməlidir.
Korrupsiya cinayətlərinin açılması və istintaqı ilə bağlı da çoxsaylı problemlər mövcuddur. Son illərdə korrupsiya cinayətlərinin törədilməsinin yeni üsulları yaranır, onların istintaqı prosesi, bir qayda olaraq, cinayətkarlar və onların havadarlarının aktiv qarşıdurması ilə müşayiət olunur.
Korrupsiya cinayətlərinin açılması və istintaqının elmi-nəzəri, təşkilati-metodiki, taktiki-prosessual əsaslarının yaradılması məqsədilə bir sıra məsələlər elmi-nəzəri cəhətdən sistemli və kompleks şəkildə tədqiq edilməlidir. O cümlədən: korrupsiya və korrupsiya istiqamətli cinayətlərin kriminalistik anlayışı, onların kriminalistik təsnifatı; korrupsiya cinayətlərinin kriminalistik xarakteristikası, onun mahiyyəti, strukturu və əsas elementləri; korrupsiya cinayətlərinin istintaqı zamanı sübut edilməli olan hallar dairəsi; korrupsiya cinayətlərinin istintaqının ilkin mərhələsində tipik istintaq hərəkətləri və şəraitləri, müstəntiqin fəaliyyət (hərəkət) proqrammı, istintaqın planlaşdırılması, istintaq fərziyyələrinin irəli sürülməsi və yoxlanılması; korrupsiya cinayətlərinin təhqiqatı və istintaqında istifadə edilməsi mümkün olan kriminalistik metodlar, üsullar və vasitələr, onların təsnifatı; korrupsiya cinayətlərinə dair işlər üzrə ayrı-ayrı istintaq hərəkətlərinin (axtarış və götürmə, hadisə yerinin müayinəsi, dindirmə, istintaq eksperimenti taktikası və s.) təşkili və aparılmasının elmi-nəzəri, təşkilati-metodiki, prosessual-taktiki xüsusiyyətləri; korrupsiya cinayətlərinə dair işlər üzrə xüsusi biliklərdən istifadənin, o cümlədən məhkəmə ekspertizalarının təyini və keçirilməsinin taktiki xüsusiyyətləri; korrupsiya cinayətlərinə dair işlər üzrə məhkəmə istintaqının ümumi xarakteristikası, strukturu, əsas mərhələləri, taktiki və prosessual xüsusiyyətləri; korrupsiya cinayətlərinə dair işlər üzrə əməliyyat-axtarış təd-birlərinin keçirilməsi xüsusiyyətləri; korrupsiya cinayətləri ilə mübarizədə kriminalistik və əməliyyat proqnozlaşdırılmasının rolu və əhəmiyyəti.
Fuad Cavadov
(+99 412) 498-05-43
E-mail: info@expert.gov.az
Ünvan: Xəqani küçəsi 14,
AZ1000, Bakı, Azərbaycan
(c) 2003 - 2011 Məhkəmə Ekspertiza Mərkəzi | All Rights Reserved | created by Azerin LLC