• ÜMUMİ MƏLUMAT
  • TARİX
  • STRUKTUR
  • ELMİ MƏQALƏLƏR
  • QANUNVERCİLİK
  • MƏKTUB YAZMAQ
    Azerbaycan dili English Русский язык
  • Ana səhifə
    Хəbərlər
    Аrxiv
    Sual-cavab
    Saytın xəritəsi
    Qəbul günləri
    Əlaqə
    .
  • Cinsi Cinayətlər Və Məhkəmə-Psixoloji Ekspertizasi Məsələləri

    Cinslərarası qarşılıqlı münasibətlərdə insan həyatının ayrılmaz sahəsi olan seksual münasibətlərdə normadan kənara çıxma halları çox zaman zorlama cinayəti ilə əlaqəlidir. Zorlama cinayəti nisbətən geniş yayılmış cinsi toxunulmazlıq və şəxsiyyətin cinsi azadlığı əleyhinə edilən cinayətlərdəndir. İnsanın azadlığı və toxunulmazlığı əhatəli anlayış olub, fərdin cinsi toxunulmazlığı və cinsi azadlığı onun xüsusi bir halı kimi qiymətləndirilir. Yetkinlik yaşına çatmamış hər bir şəxs, cinsindən asılı olmayaraq kiminlə və hansı formada cinsi tələbatlarını təmin etməsi, həmin şəxsin hüququdur. Seksual tələbatlar insan həyatının ayrılmaz bir sahəsidir. Cinslərarası seksual münasibətlər cəmiyyətin mövcud mənəvi normaları ilə tənzim olunur. Bundan başqa, cinsi tələbatlar ailədə nigahdaxili, eyni zamanda nigahdankənar münasibətlərlə də tənzim olunur.
    01 sentyabr 2000-ci il tarixindən qüvvədə olan cinayət qanununda aşkar seksual, zorakılığa görə, habelə yetkinlik yaşına çatmayanların cinsi əxlaqını kobud surətdə pozan əməllərə görə məsuliyyət müəyyən edən normalar nəzərdə tutulur. Cinsi toxunulmazlıq əleyhinə törədilən cinayətlərin aşağıdakı növləri fərqləndirilir: zorlama (mad. 149); seksual xarakterli zorakılıq hərəkətləri (mad. 150); seksual xarakterli hərəkətlərə məcbur etmə (mad. 151); 16 yaşa çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə (mad. 152); əxlaqsız hərəkətlər (mad. 153).
    Təhqiqatı aparılan hər bir cinayət işində olduğu kimi, cinsi cinayət işi üzrə həqiqətin müəyyən edilməsi işin müxtəlif halları ilə bağlı faktların toplanması, təhlili və araşdırılması, qiymətləndirilməsi və bu əsasda da iş üzrə konkret nəticə çıxarmaq vasitəsilə həyata keçirilir. Cinsi cinayətlər üzrə məhkəmə-psixoloji ekspertizasının obyektini zərər çəkənin (bəzi hallarda isə müqəssirin) şəxsiyyəti təşkil edir. Zərər çəkənin məhkəmə-psixoloji ekspertizası zamanı, müqəssir tərəfindən ona qarşı edilən hərəkət və əməllərin xarakter və mənasını başa düşüb-düşməməsini müəyyən etməklə yanaşı, həm də onun şüurlu halda müqavimət göstərmək qabiliyyəti tədqiq edilir. Zərər çəkənin əqli inkişaf səviyyəsindən və idrak proseslərinin cərəyan etməsinin fərdi xüsusiyyətlərindən asılı olaraq onun köməksiz halı müəyyənləşdirilir. Nəzərə almaq lazımdır ki, əgər məhkəmə-istintaq orqanlarını maraqlandıran şəraitdə insanın özünü və onu əhatə edən predmet və hadisələrin adekvat olaraq dərk etmək qabiliyyəti pozulmuşdursa, onda insanın öz əməl və hərəkətlərinin ixtiyari olaraq tənzim olunması da pozulur, çünki, görülən əməl və hərəkət, məqsədi reallaşdırır, məqsəd və əməlin son nəticəsinin dərk olunmuş obrazıdır. Baxılan şəraitdə şüurun strukturları dəyişməz qalmışsa, onda davranış aktlarının tənzim olunmasını ayrılıqda təhlil etmək vacibdir. Çünki praktik olaraq bütün ali psixi proseslər şüurun işinə öz təsirini göstərir. Ekspert-psixoloqun müayinə zamanı qarşıya qoyulmuş suallara obyektiv və bir mənalı cavab verməsi üçün, təkcə insanın hüquqi əhəmiyyətli şərait daxilində aktual psixi fəaliyyətinin öyrənilməsi kifayət etmir. Ekspert tədqiqatının tam və bütövlüyü üçün insanın psixi xüsusiyyətlərinin makrodinamik halda təşəkkül tapmasını, daha doğrusu insanın «psixoloji bioqrafiyasını» dərindən öyrənmək lazımdır.
    Zərər çəkənin şəxsiyyəti iş üçün hüquqi əhəmiyyət kəsb edən hallarla bağlı öyrənildiyindən, məsələyə ümumi psixologiyanın fundamental xarakteristikaları olan psixoloji tədqiqatın kateqoriyaları, prinsipləri və postulatları baxımından yanaşılmalıdır. Zorlama ağır cinayət olmaqla, onun obyekti qadının cinsi azadlığı, yetkinlik yaşına çatmayanların və yeniyetmələrin zorlanmasında isə onların cinsi toxunulmazlığıdır. Zorlama işi üzrə məhkəmə-psixoloji ekspertizası şəxsin özünün və ona qarşı edilmiş hərəkətlərin mahiyyətinin dərk etmək qabiliyyətinin müəyyənləşdirilməsi növünə aiddir və Azərbaycan Respublikası CM-nin 149-cu və 152-ci maddələri ilə cinayət işi aparıldıqda təyin edilə bilər. Cinayət məcəlləsinin 149-cu maddəsində qeyd edilir ki, zorlama, yəni zərər çəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərər çəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma kimi müəyyən edilir. Göründüyü kimi, burada zorlamanın əlamətlərindən biri kimi müqəssirin, zərər çəkmişin köməksiz vəziyyətindən istifadə etməsi qeyd olunur. Araşdırmalar göstərir ki, zərər çəkmişin vəziyyəti o zaman köməksiz hesab edilə bilər ki, o, fiziki və ya psixi halına görə ona qarşı edilmiş hərəkətlərin xarakter və əhəmiyyətini anlamasın və müqəssirə müqavimət göstərə bilməsin. Zərər çəkmişin belə bir vəziyyətdə olması şübhə doğurduqda və onun psixi cəhətdən sağlam olduğu hallarında məhkəmə-psixoloji ekspertizası təyin edilir.
    Zorlama cinayəti zamanı zərər çəkmişin köməksiz halının psixoloji izahı mürəkkəb olub, mütəxəssislər tərəfindən müxtəlif səpkidə izah olunur (M.M.Koçenov, 1980; R.A.Maruste, 1984; V.V.Melnik, 1987; B.H.Əliyev, 1996 və b.). Zərər çəkən tərəfindən müqəssirin hərəkətlərinin xarakterini anlaması, həmin hərəkətlərin məzmununun düzgün əks etdirilməsini nəzərdə tutur. Bu halda, zərər çəkmiş cinsi həyata dair kifayət qədər biliyə malik olmalıdır. Burada zərər çəkənin ona qarşı edilmiş hərəkətlərin məna tərəfini başa düşməsi nəzərdə tutulur. Belə olan təqdirdə zərər çəkən kriminal şəraitdə müqəssirin motiv və məqsədlərini, onun niyyətini, etdiyi hərəkətlərin nəticəsini, ona qarşı edilmiş davranış aktlarının əxlaqi-etik baxımdan düzgün qiymətləndirməklə anlamalıdır.
    Zorlama cinayəti zamanı zərər çəkənin, müqəssirin hərəkətlərinin motiv və məqsədini anlaması üçün, onun güzəran təcrübəsi əsasında intim həyata aid məlumatı olmalı, müqəssirin ayrı-ayrı hərəkətləri arasındakı əlaqə və asılılıqları düzgün başa düşməli, bunların əsasında yaranmış şəraiti bütövlükdə təhlil etməyi bacarmalıdır; yəni o, müqəssirin əsl niyyətini duymaq qabiliyyətinə malik olmalıdır.
    Fikrimizcə, zərər çəkənin, müqəssirin seksual hərəkətlərinin nəticələrini başa düşməsi, onun cinsi mənlik şüurunun səviyyəsindən asılıdır. Yəni şəxsiyyətin, hadisələrin mahiyyətini məna baxımından anlamaq qabiliyyəti, motivlərinin ierarxiyası, cinsi mənlik şüurunun və əxlaqi şüurunun inkişaf səviyyəsi əsas diaqnostik meyarlar kimi çıxış edir (V.L.Vasilyev, 2000; F.F.Safuanov, 1998).
    Cinsi cinayətlər zamanı adətən, zərər çəkən, yetkinlik yaşına çatmamış qız (oğlan) və ya müxtəlif yaşda olan qadın olur. Homoseksual cinsi cinayətlərdə isə zərər çəkən qismində müxtəlif yaş kateqoriyasından olan oğlanlar (kişilər) məhkəmə-psixoloji ekspertizasından keçirilir. Ekspert təcrübəmiz göstərir ki, belə hallar daha çox hərbi xidmətdə olan əsgərlər arasında baş verir.
    Qeyd edək ki, yuxarıda göstərdiyimiz kateqoriyadan olan şəxslər, istər azyaşlı olsun, istərsə də yeniyetmə və ya yetkinlik yaşına çatmamış oğlan və qız, onunla edilən hərəkətlərin xarakter və mənasını anlamaq, fiziki və ya psixi halından asılı olaraq müqavimət göstərmək imkanına malik olub-olmamasının müəyyənləşdirilməsinin iş üçün mühüm əhəmiyyəti vardır. Zərər çəkmiş azyaşlı, fiziki cəhətdən qüsurlu, xəstə, ruhi (psixi) xəstə və ya təhtəlşüur halında ola bilər. Psixi cəhətdən sağlam olan zərər çəkənin, müqəssirin cinayətkar əməllərinin xarakter və mənasını başa düşmək qabiliyyətini, eyni zamanda onun intellektual inkişafı, fərdi-psixi xüsusiyyətləri və psixi-emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinin qiymətləndirilməsi, məhz məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə daxildir. Bu mənada cinsi cinayətlər üzrə məhkəmə-psixoloji ekspertizası qarşısında aşağıdakı məzmunda olan suallar qoyula bilər:

        zərər çəkənin əsas fərdi-psixi xüsusiyyətləri hansılardır və bu xüsusiyyətlər ona qarşı hüquqazidd hərəkətlər edilərkən necə əks olunmuşdur?
        zərər çəkənin yaş xüsusiyyətləri və intellektual inkişafını nəzərə alaraq, o, onunla edilən edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdimi?
        zərər çəkən ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra hansı psixi-emosional halda olmuşdur, həmin psixi-emosional halların dinamikası necədir?
        zərər çəkən, özünün yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və psixi-emosional halından asılı olaraq müqavimət göstərə bilərdimi?
     

    Nəzərə almaq lazımdır ki, qızlarda cinsi yetişmənin tez başlaması və ikinci cinsi əlamətlərin daha qabarıq ifadə olunması, onların oğlanlara nisbətən mənsub olduqları cinsin xüsusiyyətlərini bir neçə il tez dərk etməsi üçün əlverişli şərait yaradır. Bu prosesin real nəticəsi yeniyetməlik dövrünün əvvələrində bütün aydınlığı ilə təzahür edir, yəni qızlar artıq özlərini müəyyən mənada «qadın» kimi aparmağa başlayırlar, başqa sözlə desək, qızlarda daxilən «qadın» mövqeyi məhz kiçik yeniyetməlik - yetkinlik yaşına çatmamış dövrdə təşəkkül edir. Qızın mənsub olduğu cinsin xüsusiyyətlərini də dərk etmək imkanı verir. Qızların psixoseksual inkişafındakı bu keyfiyyət dəyişikliklərini psixoloji müayinə zamanı nəzərə almaq vacibir.
    Cinsi cinayətlər üzrə məhkəmə-psixoloji ekspertizasının keçirilməsində psixodiaqnostik tədqiqatın aparılması mühüm mərhələdir. Psixodiaqnostik tədqiqatın planlaşdırılması məhkəmə-istintaq orqanlarının ekspert-psixoloq qarşısında qoyduğu sualların məzmunu ilə uzlaşmalıdır. Hər bir konkret psixoloji müayinə zamanı adekvat psixodiaqnostik metodlar seçilərək, zərər çəkmişin idrak prosesləri, onun emosional-iradi sferası və fərdi-psixi xüsusiyyətləri tədqiq edilir. Hər bir cinsi cinayət işi üzrə məhkəmə-psixoloji ekspertizası psixodiaqnostik tədqiqatın özünəməxsus, təkrar olunmaz bir formasıdır və ekspert tədqiqatı, fikrimizcə, əsasən aşağıdakı amillərdən asılıdır. Hər şeydən əvvəl, biz ekspert-psixoloqun peşakarlıq səviyyəsini, onun iş təcrübəsini, bilik, bacarıq və vərdişlərini qeyd etməliyik. Ekspert-psixoloq hər bir metodun və ya konkret metodiki üsulların öyrənilən psixoloji hadisənin məzmununa uyğunluğunu bilməli, konkret elmi xarakter daşımasına diqqət yetirməlidir. O, eyni zamanda psixodiaqnostik tədqiqatın səmərəli olmasını şərtləndirən metodun validliyini (əsaslı olması), mötəbərliliyini, əldə olunan informasiyanın (məlumatın) dəqiqliyini nəzərə almalıdır.
    Psixodiaqnostik müayinənin vəzifələri və mövzusuna uyğun olaraq seçilmiş metod nəzərdə tutulan əlamət, xüsusiyyət və hər hansı digər psixoloji faktı müəyyən etmək və ölçmək imkanı verilməlidir. Çalışmaq lazımdır ki, seçilmiş və istifadə olunmuş psixodiaqnostik metoddan (təkrar və ya kompleks ekspertizalar zamanı) yenidən istifadə edilərsə, bu zaman nəticələrdəki xəta fərqi az olsun.
    Məhkəmə-psixoloji müayinəyə həsr olunmuş ədəbiyyatın təhlili göstərir ki, tədqiqatçılar cinsi cinayətlər zamanı «xarakteri anlama» kateqoriyasını, «mənanı anlama» kateqoriyasından fərqləndirirlər. Zərər çəkənin psixi inkişafından asılı olaraq, cinsi cinayətin məzmununa görə, aşağıdakı vəziyyətlər (İ.A.Kudryavsev, 1988; V.V. Vasilyev, 2000) ayırd edilir:
    A) zərər çəkənin müqəssir tərəfindən edilən hərəkətlərin həm xarakterini, həm də mənasını anlamaması;
    B) xarakteri anlama, lakin mənasını anlamaması;
    C) zərər çəkənin müqəssirin hərəkətlərinin həm xarakterini, həm də mənasını anlaması.
    Zərər çəkənə qarşı edilən hərəkətlərin xarakter və mənasının başa düşmək qabiliyyəti həm xarici, həm də daxili amillərlə şərtlənir. Xarici amillərə kriminal şəraitin xüsusiyyətləri, onun mürəkkəbliyi və dinamikası daxildir. Məsələn, qaranlıq, naməlum və tənha yerdə zərər çəkənə qarşı bir qrup şəxslər tərəfindən seksual qəsd etmə. Əksər hallarda, zorakının hərəkətləri ani olduğu üçün, zərər çəkən sadəcə olaraq həmin hərəkətləri qavramağa və qiymətləndirməyə macal tapmır. Daxili amillərə isə zərər çəkənin psixi inkişafının səviyyəsi, tədqiq edilən şəraitdə onun psixi-emosional vəziyyəti, şəxsiyyətinin xüsusiyyətləri, həyat təcrübəsinin spesifikası və s. (yəni, cinsi əlaqələr barədə xəbərdar olma, həyatın bu sahəsinə marağın olması) daxildir.
    Laboratoriyada cinsi cinayətlər üzrə aparılmış ümumiləşdirmənin nəticələrindən göründüyü kimi, zərər çəkənlərin müəyyən bir hissəsində sinir sisteminin müvazinətli tipi üstünlük təşkil edir. Bu qəbildən olan şəxslər ekstremal şəraitdə oyanma proseslərinin ani olaraq zəifləməsi, tormozlanmanın üstün olması ilə səciyyələnərək, davranışlarında daha çox qətiyyətsizliyə, özünüitirmə kimi xüsusiyyətlərə malik olurlar. Bundan başqa, qeyd etmək lazımdır ki, cinsi cinayətlər zamanı zərər çəkənlərdə aşağıdakı xüsusiyyətlərə daha çox rast gəlinir: a) geniş spektrli xarici təsirlərə qarşı yüksək emosional həssaslıq; b) əhvalın dəyişikliyə meylli olması (emosional labillik); c) yüksək təlqinə qapılma, həmçinin bir qədər yelbeyinlik, uydurmağa və riskə meyllilik; d) viktim davranışa meyllilik (passiv - itaətcil və sövqedici) .
    Zərər çəkənin psixoseksual inkişafından, fərdi-psixi xüsusiyyət-lərindən, yaşından və intellektual səviyyəsindən asılı olmayaraq birinci iki halda (a və b) zərər çəkən eyni zamanda müqavimət göstərmək qabiliyyətinə malik olmur. Axırıncı halda (c) isə zərər çəkənin müqavimət göstərmək qabiliyyəti xüsusi olaraq öyrənilməli, onun psixi fəaliyyətinin xüsusiyyətlərini, konkret davranış aktları araşdırılmalı, baş vermiş hadisələrlə əlaqəli şəkildə təhlil edilməlidir. Ekspert təcrübəsi göstərir ki, məhkəmə-istintaq orqanları cinsi cinayətlər üzrə məhkəmə-psixoloji ekspertizasının təyin olunmasını əsaslandırarkən, aşağıdakı məqamlara istinad edirlər: a) baş vermiş hadisə zamanı zərər çəkənin passiv davranışı; b) zərər çəkənin özü ilə əlaqədar yaranmış hadisəyə qeyri-adekvat münasibəti; v) zərər çəkənin hadisə zamanı müqəssir tərəfindən psixoloji təzyiqə məruz qalması haqqındakı ifadələri.
    Qeyd etmək lazımdır ki, ekspertiza qarşısında qoyulan suallar konkret olmalı, mücərrəd xarakter daşımamalı və ekspertizanın birbaşa səlahiyyətinə aid olmalıdır. Bundan başqa, ekspertiza qarşısında qoyulan suallara ekspert-psixoloq tərəfindən hüquqi qiymət verilməsi istinad olunmalıdır. Fikrimizcə, məhkəmə-istintaq orqanları ekspertizaya təqdim olunacaq cinayət işi materiallarını hazırlayarkən aşağıdakıları nəzərə almaları məqsədəuyğundur: 1.Zərər çəkənin yaş və fərdi-psixi xüsusiyyətlərini üzə çıxarmaq üçün onun həyatı barədə faktların toplanması (ailədə inkişafı, tərbiyə şəraiti və təhsili, adət və vərdişləri, tipik davranış formaları, ünsiyyət dairəsi, arzu və maraqları və s.). 2.Zərər çəkənin inkişafı və tərbiyəsi xüsusiyyətləri (tam və ya natamam ailədə böyüməsi, valideynləri, onların ailədaxili qarşılıqlı münasibətləri, qardaş və bacılarının mövcudluğu və aralarındakı qarşılıqlı münasibətlər). 3.Zərər çəkənin qeyri-formal qruplarda iştirak edib-etməməsi, məişət-güzəran həyatı, onun haqqında başqalarının verdiyi məlumatlar.
    Laboratoriyaya daxil olmuş cinsi cinayətlərin kriminoloji və psixoloji təhlili, yerinə yetirilmiş məhkəmə-psixoloji ekspertizası rəylərinin ümumiləşdirilməsi və bu sahədə aparılmış tədqiqat işinin nəticələri göstərir ki, cinsi cinayətlər üzrə məhkəmə-psixoloji ekspertizası keçirilərkən ekspert tədqiqatının planına aşağıdakıların daxil olması məqsədə uyğundur: 1) müayinə olunanın məktəbəqədər və məktəbyaşlı dövrdə psixi inkişafı şərtlərinin öyrənilməsi 2) baş vermiş hadisədən əvvəl, müayinə olunanın əsas xarakter əlamətlərinin, maraq və vərdişlərinin, ilk növbədə, psixoseksual inkişafı ilə əlaqədar məsələlərin öyrənilməsi. Bu zaman ekspert kriminal hadisə zamanı və hadisədən sonra müayinə olunanın hadisəyə münasibət-reaksiyalarını üzə çıxarmağa çalışmalıdır 3) müayinə olunanın baş vermiş hadisə ilə əlaqədar hüquqi əhəmiyyət kəsb edən idrak fəaliyyətinin öyrənilməsi 4)baş vermiş cinayət hadisəsinin (inkişafı və dinamikasını, yaranmasının psixoloji mexanizmini) ətraflı öyrənilməsi 5) cinayət işi materiallarına və müayinə olunanla psixoloji söhbət-müsahibə əsasında, zərər çəkənin kriminal hadisə zamanı davranış aktlarının öyrənilməsi 6)zərər çəkənin, müqəssirlə olan qarşılıqlı münasibətlərinin, onun hadisə zamanı keçirmiş olduğu psixi-emosional hallarının öyrənilməsi 7)zərər çəkənin, baş vermiş hadisəyə münasibəti və həmin hadisənin sosial-psixoloji, bioloji (fizioloji) və əxlaqi-etik tərəflərinin müayinə olunan tərəfindən qiymətləndirilməsi qabiliyyətinin öyrənilməsi.
    Araşdırmalarımız göstərir ki, cinsi cinayətlər üzrə məhkəmə-psixoloji ekspertizası keçirilərkən hadisə şəraiti psixoloji cəhətdən ətraflı təhlil olunmaqla, müqəssirləndirilənin seksual niyyətli davranış aktları xüsusi tədqiq edilməlidir. Belə olduğu təqdirdə, hər bir cinsi cinayət işinin tədqiqi zamanı obyektiv və elmi cəhətdən əsaslandırılmış nəticələr əldə etmək mümkündür.

    Ə D Ə B İ Y Y A T

    1. Ə.Ə.Əlizadə. Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi. Bakı, 1987.
    2. B.H.Əliyev. Cinayət və mülki prosesdə məhkəmə-psixoloji ekpsertizası problemləri. Bakı, 1996.
    3. Bayramov Ə.S., Əlizadə Ə.Ə., Seyidov İ.Ə. Məhkəmə-psixologiyası və psixoloji ekspertiza məsələləri. Bakı, 1987.
    4. S.F.Şabanov. Cinsi cinayətlərə dair işlər üzrə məhkəmə-psixoloji ekspertizasının təşkili və keçirilməsi (metodik vəsait). Bakı-2002.
    5. Bgron R., Riçardson D. Aqressiə - SPb., Piter, 1997 - 366 s.
    6. Burlaçuk L.F., Morozov S. Slovarğ-spravoçnik po psixodiaqnostike. SPb.: Piter, 2000.
    7. Vasilğev V.L. Öridiçeskaə psixoloqiə. SPb.: Piter, 2000.
    8. Dcavadov F.M. Gkspertnaə deətelğnostğ i razvitie nauki o sudebnoy gkspertize. Baku, Glm, 1998.
    9. Zbiqnev Staroviç. Sudebnaə seksoloqiə. M., 1991.
    10. İqnatov A.N. Kvalifikaüiə polovıx prestupleniy. M.,1974.
    11. Kon İ.S. Vvedenie v seksoloqiö. M., 1988.
    12. Kon İ.S. Psixoloqiə ranney önosti. M., 1989
    13. Koçenov M.M. Vvedenie v sudebno-psixoloqiçeskuö gkspertizu. M., 1988
    14. Kostiükiy M.V. İspolğzovanie speüialğnıx psixoloqiçeskix znaniy
    sudebno-sledstvennom proüesse. Kiev, 1990
    15. Kriminalğnaə motivaüiə. Pod red. V.N.Kudrəvüeva. M., 1986
    16. Kudrəvüev İ.A. Kompleksnaə sudebnaə psixoloqo-psixiatriçeskaə gkspertiza. - M.: İzd-vo Mosk.un-ta, 1999
    17. Maruste R.A. Psixoloqiçeskaə gkspertiza v uqolovnom sudoproizvodstve.
    Avtoref. kand. dis. L., 1984
    18. Melğnik V.V., Üıüarev S.V., Əkovlev Ə.M. Osnovı sudebno-psixoloqiçeskoy gkspertizı po uqolovnım delam. M., 1987
    19. Melğnikov V.M., Əmpolğskiy L.T. Vvedenie v gksperimentalğnuö psixoloqiö liçnosti. M., 1985
    20. Naqaev V.V. Osnovı sudebno-psixoloqiçeskoy gkspertizı. - M.: 2000
    21. Obhaə psixodiaqnostika. M., 1987
    22. Osnovı psixodiaqnostiki. Rostov-na-Donu, 1996
    23. Psixoloqiçeskie testı. Pod red. A.A.Karelina: V 2 t. - M.: 2001
    24. Raqimov İ.M., Abdullaev Ə.S. i dr. Kriminoloqiçeskiy analiz nasilğstvennıx i korıstnıx prestupleniy. Baku, 1996
    25. Rozum S.İ. Psixoloqiçeskaə oüenka poziüii podgkspertnoqo v situaüii kliniko-psixoloqiçeskoqo obsledovaniə: Avtoref. kand. dis., L., 1983
    26. Safuanov F.S. Sudebno-psixoloqiçeskaə gkspertiza v uqolovnom proüesse: Nauçno-praktiçeskoe posobie. M., 1998
    27. Sinəqin Ö.V. Sudebno-psixoloqiçeskaə gkspertiza po delam ob iznasilovanii. M.,1999
    28. Xekxauzen X. Motivaüiə i deətelğnostğ. V 2 t. M., 1986
    29. Şabanov S.F. Psixoloqiə liçnosti: problemı polovıx razliçiy. Baku, 1992.

  • (+99 412) 498-05-43

    E-mail: info@expert.gov.az

    Ünvan: Xəqani küçəsi 14,
    AZ1000, Bakı, Azərbaycan

(c) 2003 - 2011 Məhkəmə Ekspertiza Mərkəzi   |   All Rights Reserved   |   created by Azerin LLC