Məhkəmə ekspertizası cinayət və mulki işlərin obyektiv araşdırılmasının və açılmasının təmin edilməsində əsas vasitələrdən biridir. Bu mənada fonoqramın etibarlılığının qiymətləndirilməsi məqsədi ilə işdə maddi sübut kimi fonoqramın mövcud olduğu bütün hallarda ekspertiza təyin edilir. Müasir dövrdə səsin yazılması və emalı texnologiyasının son nailiyyətlərinin əldə edilməsinin asanlğı bu cür sübutların elə saxtalaşdırılmasına (montaj edilməsinə, təhrif olunmasına və seçmə yazılış aparılmasına) imkan verir ki, onların izini yalnız xüsusi biliyin tətbiqi vasitəsilə müəyyən etmək mümkündür.
Fonoqramın etibarlılığı dedikdə, onun həqiqiliyi, audentikliyi və montaj olunmaması başa düşülür. Ekspert rəyində fonoqramın etibarlılığının qiymətləndirilməsi üçün əhəmiyyətli olan faktlar öz əksini tapır. Bu və ya digər fonoqramın maddi sübut kimi qəbul edilməsinin mümkünlüyü isə, qanunvericiliyə uyğun olaraq məhkəmənin səlahiyyətinə aiddir. Məsələn, təqdim olunan fonoqramın analoq maqnitofon vasitəsi ilə analoq informasiya daşıyıcısına (maqnit lentinə) seçmə yazılış üsulu ilə (müəyyən vaxlarda yazılış dayandırılmaqla) və ya rəqəmsal yazı qurğusunun «akustopusk» yazma rejimindən istifadə etməklə yazılan ilkin fonoqramdır. Yazılışın kəsilməzliyi pozulsa da, məhkəmə, belə olduqda, səsyazma situasiyası haqda bütün məlumatları təhlili edərək fonoqramı etibarlı saya bilər. Belə ki, işin faktiki hallarının araşdırlmasında hər hansı bir diktorun danışığın iştirakçısı olması və ya diktorların öz aralarında bir-biri ilə tanışlığı faktının müəyyən edilməsində danışığın ayrı-ayrı fraqmentlərinin buraxılması o qədər əhəmiyyətli olmaya da bilər.
Fonoqramın yazılış vaxtı və ya sonradan edilmiş hansısa bir dəyişikliyin müəyyənləşdirilməsi məqsədilə ekspert qarşısında sualı aşağıdakı kimi qoymaq olar:
-fonoqramda ilkin audiosiqnalın yazılışı prosesində və ya yazılış prosesindən sonra edilmiş, o cümlədən rəqəmsal (elektron, kompüter) montaj, yazılış və ya başqa dəyişiklik izləri (əlamətləri) vardırmı?
Tətbiq edilən analizlərin köməyi ilə fonoqramda bir çox metod və üsullarla edilmiş dəyişiklikləri müəyyən etmək mümkündür. Aparılmış auditiv- linqvistik analiz yazılışın aparıldığı akustik şəraitin, iştirakçı diktorların sayının və emosional vəziyyətlərinin kəskin dəyişməsini, əsaslanmamış pauzaların olmasını, danışıq aktında məntiqi rabitənin pozulmasını, diktorların şıfahi nitqinin təbiiliyini, diktorların yazı qurğusundan məsafələrinin dəyişməsini, danışığın kommunikativ situasiyaya uyğunluğunu, keçid prosesləri üçün xarakterik olan (yazı qurğusunun yazma rejimində «START», «STOP» siqnalları üçün) səsləri və s. müəyyən etməyə imkan verir.
Məhkəmə Ekspertizası Mərkəzində ekspert-fonoskopistin avtomatlaşdırılmış iş yerinin texniki və proqram təminatlarının müasir tələblərə tam cavab verməsi, instrumental metodun köməyi ilə təqdim olunmuş fonoqramın analoq və ya rəqəmsal yazı qurğusundan istifadə etməklə əldə edilməsini, yazılışın bir və ya bir neçə yazı qurğusundan istifadə etməklə əldə edilməsini, yazılışın kəsilməzliyinin pozulub-pozulmamasını, fonoqramın kompüter vasitəsi ilə emal edilib-edilməməsini, hansı proqramın köməyi ilə emal edilməsini və s. müəyyən etməyə imkan verir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, yüksək keyfiyyətli analoq və rəqəmsal yazı qurğularının və səsin emalı üçün nəzərdə tutulmuş proramların əldə edilməsi asanlaşdığından hər dəfə daha az montaj izləri buraxılan, daha səliqəli və bacarıqlı formada edilmiş fonoramlara rast gəlinir. Məsələn, eyni rəqəmsal yazı qurğusu ilə, eyni akustik şəraitdə, eyni diktorların iştirakı ilə aparılmış bir neçə fonoqram (və yaxud bir fonoqram) kompüterin diskinə səs faylları kimi yazılaraq, sonradan müəyyən ifadələr və ya fraqmentlər pauzalarda kəsilərək montajçının məqsədinə uyğun olaraq birləşdirilir və məzmununa görə yeni danışıq alınır. Alınmış yeni səs faylı analoq yazı qurğusu vasitəsi ilə analoq informasiya daşıyıcısına yazılaraq istintaqa təqdim olunur. Aydındır tədqiq olunan bu fonoqramda yazılışın aparıldığı akustik şərait, iştirakçı diktorların sayı, yazılışın aparıldığı yazı qurğusu eyni olacaq, fonoqramın daxilində yazı qurğusunun keçid prosesləri üçün xarakterik olan keçid siqnalları və əsaslanmamış pauzalar qeydə alınmayacaq, kəskin fon sıçrayışları olmayacaqdır. Faza kəsilmələrini müəyyən etmək üçün ekspertin seçdiyi daimi harmonikalar analoq yazı qurğusunun yazma zamanı yaratdığı və ya fonoqramın tədqiqi məqsədi ilə ekspert fonoqramı kompüterə daxil etdiyi vaxt yaranmış harmonika olarsa, təbii ki, ekspert heç bir faza kəsilməsi müşahidə etməyəcəkdir. Eyni zamanda, başqa bir çox montaj əlamətlərinin qeydə alınmaması ekspertə montaj əlamətlərinin olmaması rəyinə gəlməyə şərait yaratmış olacaqdır.
Ekspert təcrübəsi göstərir ki, fonoqramın audentikliyinin müəyyən edilməsi məqsədilə aparılmış bir çox üsullarla yanaşı, fonoqramda danışığın müşayiət olunduğu akustik fonun tədqiq edilməsi çox incəliklə aparılmış montaj əlamətlərinin müəyyən edilməsinə imkan verir. Ekspertizaya təqdim olunmuş fonoqramlarda danışıq çox vaxt küçə nəqliyyatının yaratdığı səs-küylə, radio və ya televiziyada gedən verilişlərlə, işləyən saat səsi ilə, musiqi və ya mahnı ifası ilə, vağzallarda, metro və ya avtobuslarda diktorların elanı ilə və digər periodik və periodik olmayan siqnallarla müşayiət olunur. Danışığın pozulması, kəsilməsi, fraqmentlərin yerinin dəyişdirilməsi zamanı danışıq siqnalı ilə bərabər, danışığın müşayiət olunduğu akustik fon da təhrifə məruz qalır. Akustik fonu isə montajçı istədiyi kimi dəyişdirə bilmir. Bu mənada, akustik fonun tədqiqi montaj əlamətlərinin müəyyən edilməsində vacibdir.
Lətif Əliyev,
Hümmət Vəliyev,
Məmməd Rəcəbov
(+99 412) 498-05-43
E-mail: info@expert.gov.az
Ünvan: Xəqani küçəsi 14,
AZ1000, Bakı, Azərbaycan
(c) 2003 - 2011 Məhkəmə Ekspertiza Mərkəzi | All Rights Reserved | created by Azerin LLC